Hazırda ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Bu işi o vaxt indi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tərkibində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dünya Bankının dəstəyi ilə reallaşdırdığı «Daşınmaz əmlakın qeydiyyatı layihəsi» çərçivəsində həyata keçirirdi.
Sözügedən sahədəki vəziyyətin öyrənilməsi məqsədilə öncə pilot ərazi kimi Abşeron və Binəqədi rayonlarının bəzi yaşayış massivlərində özbaşına tikililərin texniki inventarlaşdırılmasının aparılması nəzərdə tutulurdu. Aparılan araşdırmalar özbaşına tikililərdə yaşayan insanların öz əmlakları üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması perspektivi yaradırdı. Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təkcə Bakı şəhəri və onun ətrafında 500 minə yaxın qanunsuz tikilinin olduğunu proqnozlaşdırmışdı.
Lakin sonra həmin iş yarımçıq dayandırldı.
Nəhayət bu günlərdə prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirlidi.
Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi. Bu dəfə Bakı şəhəri ərazisində olan icazəsiz evlərin sənədləşdirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıldı.
Artıq bununla bağlı müvafiq qurumlar da işə cəlb olunub.
Modern.az-ın məlumatına görə, şəhər kadastrının aparılacağı gözlənilir. Bunu Dövlət və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da təklif edib. Onun sözlərinə görə, kadastrın aparılması şəhər təsərrüfatının idarə olunması deməkdir.
“Bu texniki məsələdir, təkliflər vermişik. Tapşırıqlar olandan sonra lazımı işlər yerinə yetiriləcək”.
Komitə sədrinin sözlərinə görə, Dövlət Neft Şirkətinə məxsus torpaqlar əslində bu şirtəkə deyil, dövlətə məxsusdur.
“Siz bilirsiniz və mən dəfələrlə bu barədə demişəm ki, Dövlət Neft Şirkətində olan torpağın özü də Neft Şirkətinə məxsus deyil, bu torpaqlar dövlət torpaqlarıdır. Əvvəllər bütün torpaqlar dövlət torpaqları idi. 1996-cı ildən sonra bir mülkiyyət formasından üç mülkiyyət forması yarandı. Qeyd edim ki, hazırda dövlət torpaqları 56,9 faiz, bələdiyyə torpaqları 23,5 faiz və xüsusi mülkiyyətə verilən torpaqlar 19 faiz təşkil edir”-deyə Q.Məmmədov bildirib. Onun sözlərinə görə, neft çıxarılan torpaq sahələri neftdən təmizləndikdən sonra yenidən dövlətə qaytarılmalıdır.
Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumatda bildirilib ki, Bakı şəhəri və ətraf rayonlarda olan sənədsiz evlərin siyahısının hazırlanması istiqamətində işlər sürətləndirilib. Rayon İcra hakimiyyətləti siyahılar hazır olandan sonra onlar Bakı şəhər İcra hakimiyyətinə təqdim olunacaq və bundan sonra isə Prezident Administrasiyasına göndəriləcək. Ondan sonra sənədsiz evlərin məsələsinin Əmlak Məsələləri Dövlət Komitəsində və yaxud Bakı Şəhər İcra Hakimiyyətində həll olunmasına qərar veriləcək. Həmin qərardan sonra sənədsiz evlərin sənədləşdirilməsi prosesi başlayacaq.
Modern.az