Modern.az saytına Kürqıragı rayonların sakinlərindən daxil olan məlumatlarda deyilir ki, ötən il daşqına məruz qalmış yaşayış məntəqələrinin ərazilərində yenidən ilan sürüləri peyda olmağa başlayıb.
Rəsmi qurumlar isə hələ ki məsələdən xəbərsizdilər. “Kürsahili ərazilər, o cümlədən respublikanın bütün bölgələri sanitar-epidemioloji nəzarət altındadır”. Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova deyib. Müsahibimiz deyib ki, daşqın zonasında ilan sürülərinin yenidən peyda olması ilə bağlı onlarda məlumat yoxdur.
“Təkcə daşqına məruz qalmış ərazilərdə deyil, digər bölgələrdə də yay ayında ilanlar peyda olur. Bunu təkcə daşqın olan ərazilərlə bağlamaq düzgün deyil. Amma kütləvi şəkildə ilan sürülərinin peyda olması haqda bizdə məlumat yoxdur”.
Kənd Təsərrüfatı Nairliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə daşqın olan ərazilərdə sular çəkiləndən sonra kütləvi şəkildə ilan sürülərinin peyda olması ilə bağlı keçən il şikayətlərin daxil olduğunu bildirib. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu il sözügedən məsələ ilə bağlı onlara hələki şikayət daxil olmayıb.
“Əgər belə hallar müşahidə olunarsa, onda Səhiyyə Nazirliyi və Baytarlıq Xidməti ilə birgə buna qarşı mübarizə aparılacaq”.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülaliyev da daşqın olan ərazilərdə ilan sürülərinin peyda olması faktı ilə keçən il daha çox qarşılaşdıqlarını deyir. Onun sözlərinə görə, sel suları geri çəkilən ərəfələrdə belə hal müşahidə olunmuşdu.
“İlanların kütləvi peyda olması olə bağlı şikayətlər keçən ilin avqust-sentyabr aylarında daxil olmuşdu. İnsanlar bundan əziyyət çəkirdilər. Sel gələn zaman ilan sürülərini yuvalarından çıxarıb gətirmişdi, nəticədə sular çəkiləndən sonra ilanlar evlərə, təsərrüfatlara hücum etmişdilər. Amma indi nadir hallarda müşahidə olunur ki, ilan hansısa təsərrüfata hücum edib”.
Aytən ƏLİYEVA