Modern.az

Azərbaycan siyasətçiləri Türkiyə seçkilərindən nə gözləyir? (PROQNOZ)

Azərbaycan siyasətçiləri Türkiyə seçkilərindən nə gözləyir? (PROQNOZ)

Ölkə

10 May 2011, 16:02

Türkiyə Cümhuriyyəti tarixinin 24-cü parlament seçkisinə hazırlaşır. 12 iyunda baş tutacaq bu tarixi ana artıq sayılı günlər qalıb. Bir tərəfdə iqtidarə təmsil edən AKP, digər tərəfdə isə ana müxalifət partiyası CHP seçkilərdə qalib gəlmək üçün ciddi mübarizə aparır.
Bəs, azərbaycanlı siyasətçilər qonşu Türkiyədə gedən bu prosesləri izləyirlərmi? Modern.az bu və ya digər suallara cavab tapmaq üçün bir neçə aktiv siyasətçi ilə əlaqə saxlayıb.

Türkiyə Cümhuriyyəti 12 iyun 2011-ci ildə tarixi bir seçimə gedəcək. Bu seçkilər Türkiyə Cümhuriyyəti tarixində 24-cü parlament seçkiləridir. Ekspertlər deyir ki, bu seçkilər Türkiyə üçün olduqca böyük önəmə malikdir. Çünki haz;rda iqtidarda olan AKP bu seçkilərdə qalib olarsa, üçüncü dəfə hökuməti tək formalaşdıracaq. Ən mühümü isə budur ki, AKP bu seçkilərdən qalib çıxdığı halda, Konstitusiyada mühüm dəyişikliklərin olacağı gözlənilir. Bu baxımdan Türkiyədə keçiriləcək seçkilərin gərgin olacağı gözlənilir.

“Əslində AKP keçən dəfə də qalib gəlməyib”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyədə gələn ay keçiriləcək parlament seçkisi ilə bağlı prosesləri yaxından izlədiyini deyib. O bildirib ki, qardaş Türkiyədə şahidi olduğu reallıq sözün əsl mənasında fərəh doğurur:

“Əlbəttə, Türkiyədə keçirilən seçkiqabağı prosesləri izləyirəm. Adamda fərəh hissi doğurur ki, doğurdan da çox demokratik şəraitdə proseslər davam edir. Bütün partiyalara bərabər şərait yaradılıb. Hətta, dövlətə düşmənçilik mövqeyində olan partiyaların mövqeyi, onların fikirləri də dövlət və özəl televiziyalarda işıqlandırılır. Onlar üçün bərabər şərait yaradılır. Müxalifət liderlərinə hər hansı bir məhdudiyyətlər qoyulmur. Bu onu göstərir ki, Türkiyə oturuşmuş demokratik seçki sisteminə malikdir”

S.Cəlaloğlu seçkiqabağı təbilağat-təşviqat kampaniyasının demokratik aparıldığını qeyd edərək bildirib ki, insanlar dövlətin taleyinə laqeyd deyillər.

“Qeyd edim ki, Türkiyədəki proseslərdə vətəndaşların fəallığı mənim diqqətimi cəlb edir. İstər müxalifətin olsun, istərsə də iqtidarın mitinqində böyük coşqu hiss olunur. İnsanlar ölkədə gedən prosesə laqeyd deyillər. Liderlərin dediyi sözü hər bir vətəndaş öz maraqları baxımından dəyərləndirir. Yəni seçki kampaniyasında interaktiv əlaqə var. Nəticəni türk xalqı özü müəyyənləşdirəcək. Çünki Türkiyə bizim qarşılaşdığımız problemlərlə üz-üzə deyil. Türkiyənin özünün bir sıra spesifik problemləri var. Bizdə əsas problem Qarabağ problemi, insan hüquq və azadlıqları problemi və iqtisadiyyat problemidirsə, onlarda kürd problemi var”, -deyə S.Cəlaloğlu qeyd edib.

ADP sədri iyunun 12-də keçiriləcək seçkidə AKP-nin qalib gəlmə ehtimalını şərh edib. Bildirib ki, əslində AKP keçən dəfə də qalib gəlməyib.
“AKP ötən seçkidə cəmi 34 faiz səs toplayıb. Ümumi götürəndə o qalib gəlməyib. Yəni 50+1 səs toplamayıb. Sadəcə olaraq Türkiyədə baraj məsələsi var. Məsələn 9 faiz səs toplayan 4 partiyanın heç biri keçməyəndə, bu səslər ən çox səs toplayan partiyaya gedir. AKP 11 faiz səs toplayıb barajı keçdi. Yerdə qalan 5 partiya barajı keçmədi. Onda həmin 40 faz səs AKP-nin səsinin üstünə gəldi. Yəni AKP keçən dəfə belə qalib gəldi”.

“AKP-nin qalib gəlməsi real görünür”

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də Türkiyədə gedən seçkiqabağı prosesləri mütəmadi izlədiyini bildirib. Onun sözlərinə görə, Türkiyədə keçiriləcək parlament seçkilərində AKP-nin qalib gəlmə ehtimalı daha çoxdur:

“Türkiyə demokratik ölkədir. Seçkiqabağı proseslərdə siyasi partiyaların həm maliyyə bazası, həm də sərbəst toplaşmaq haqqında qanunvericilik imkanları dövlət tərəfindən xüsusilə təmin olunur. Hansı partiyanın daha geniş imkanlara malik olmasına gəllincə isə hesab edirəm ki, AKP bu məsələdə rəqiblərini bir qədər üstələyir. AKP sistemi dini təbliğat üzərində açıq şəkildə qurulmasa da, bundan ciddi istifadə edir. Güman edirəm ki, AKP 33-34 faiz, CHP 20-22 faiz, MHP isə 15-17 faiz civarında səs toplayacaq. Digər partiyalar bunlarla ayaqlaşa bilməyəcəklər”.

Millət vəkili hesab edir ki, AKP qalib gəlməklə təkbaşına Türkiyədə koalisiyasız hakimiyyət quracaq və bu işdə onun Orta Şərqdə apardığı siyasət bütövlükdə Qərbi qane edir.

“MHP və CHP ilə müqayisədə AKP-nin Qərbdən geniş dəstəyi var. Qeyd edim ki, CHP lideri Kamal Kılıcdaroğlu nə qədər liberal düşüncəli şəxsiyyət olsa da, o, unudur ki, Türkiyə Şərq ölkəsidir. Orada həm də ciddi liberallıqdan daha çox avtoritarizmə meylli liderin olması əsas şərtlərdən biridir. AKP-nin qalib gəlməsi bu gün real və açıq şəkildə gürünür. Bir sıra şərtlər var ki, məsələn CHP və MHP-dən fərqli olaraq AKP-nin kürd kəsiminin səsini alması az da olsa mümkün olacaq. Xüsusən mərkəzi şəhərlərdə AKP-nin imkanları daha genişdir”-deyə İ.Ağazadə əlavə edib.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər