Modern.az

Türküstan yelləri öpüb alnını…

Türküstan yelləri öpüb alnını…

12 May 2011, 12:28

Dünyada  irili - xırdalı çox ölkələr var. Quş üçün yuvası əziz olduğu kimi bizlər üçün də doğma Azərbaycanımız müqəddəsdir, əzizdir.

Gündəlik həyatdakı çətinliklərimizə, bizdən yaşlı nəsillərin qarşılaşdıqları problemlər qarşısında bəzən  “sovetin vaxtında belə şeylər yox idi” - söyləyərək, nisgilli-nisgili ötən günlərin nostaljisinə qapılmasına  baxmayaraq, bu günkü Azərbaycanımızın varlığı bizim üçün çox şeyi ifadə edir. Hara getməyimizdən, harada olmağımıdan asılı olmayaraq, gözümüz hər yerdə bayrağımızı axtarır…

Azərbaycan müstəqillik üçün nələrdən keçməli oldu…  Zaman-zaman yadellilər tərəfindən soyuldu,  dağıdıldı,  talan edildi. Millətimiz soyqırımlara, qırğınlara məruz qaldı, torpağımız paralandı, parçalandı, qoparıldı… Azərbaycanı ikiyə böldülər…

Amma millət olaraq varlığımızı qoruyub saxlaya bildik.  Tanrı bu millətin taleyinə çox bəlalar yazsa da, öz səxavətini də əsirgəməyib. Azərbaycan təkcə zəngin sərvətləri seçilən bir ölkə deyil. Tarix həm də bu millətə bir əsrdə iki dəfə öz müstəqil dövlətini qurmaq, bayrağını başı üzərinə qaldırmaq üçün fürsət verdi.

1918-ci il mayın 28-də  Azərbaycanımızın düşünən başları, Böyük Kişiləri hər şeyi gözə alaraq, bütün itkilərə, ugursuz və ugurlu siyasi gedişlərə, çar Rusiyasının Qafqazı qana çalxalamasına baxmayaraq, müstəqil Azərbaycan dövlətini quraraq tarixi9mizə bu günü Azərbaycanın istiqlal günü kimi yazdılar. Bu dövlətin ömrü az olsa da, tarix öz tarixliyində qalır və onu kimsə dəyişdirə bilməz.

Baxmayaraq ki, sonralar cumhuriyyət qurucularının yol verdiyi siyasi səhvlərdən daha çox danışılırdı,  zamanı və tarixi şəraiti nəzərə alanda cumhuriyyət qurucularının atdığı addımın nə qədər şərəfli, cəsarətli və uzun illərdən bəri Rusiyanın tapdağı altında olan Azərbaycanımızın tarixində büyük  dönüş yaratdığı etiraf olunmalıdı. Şərqdə ilk müstəqil və demokratik Azərbaycan Cumhuriyyətinin yaradılması həm də Azərbaycan xalqının millət kimi büyüklüyünü  ortaya qoydu. Və iyirmi ildir ki, bizlər məhz Azərbaycan Demokratik Cumhuriyyətinin varisi olan müstəqil Azərbaycanın vətəndaşlarıyıq.

Bir  əsrdə  iki dəfə öz dövlətini qurmaq hər xalqın nəsibi olmur. Dünyada sayca bizdən çox  olan xalqlar,  millətlər var ki, onların öz müstəqil dövlətləri yoxdur. Tarix bizə iyirminci əsrin sonlarında yenidən müstəqil olmaq şansı yaratdı.  Bu dəfə  də  müstəqilliyin əldə edilməsi millətimizə qan bahasına, torpaq itkisinə başa gəldi. Bu bizim üçün sonuncu şans da ola bilərdi. Bir tərəfdən Azərbaycanı itirmək istəməyən Rusiyanın köhnə taktikanı işə salaraq Ermənistanı Azərbaycanla müharibəyə sövq etməsi, bir tərəfdən daxildə gedən siyasi çəkişmələr və hərc - mərclik Azərbaycanın əldə etdiyi müstəqillik üçün son ola bilərdi. Ümummilli lider Heydər Əliyevin zamanında verdiyi mühüm siyasi qərarlar,  xalqın öz liderinə etimadı bizləri bu günə - müstəqil Azərbaycanımızın iyirmi yaşını bayram etməyə gətirib çıxardı. Hər bir millət üçün öz dövlətinin, öz bayrağının olmasından qururverici bir hiss ola bilməz. Azərbaycan bayrağı bizim qurur mənbəyimiz, dövlətimizin və  millət kimi özümüzün varlığımızın ifadəsidir.

Böyük istiqlal şairimiz Əhməd Cavad haqqında yazılmış kitabların birində oxumuşdum. Azərbaycan Cumhuriyyətinin yaradılmasından bir müddət sonra  Bakıtya gələn şairi “İsmailiyyə” binası üzərində üçrəngli bayrağımızın vüqarla dalğalanması o qədər riqqətə gətirir ki, şair ürəyindən keçənləri misralara düzür…

              Türküstan yelləri öpüb alnını
              Söyləyir dərdini sana, Bayrağım!
              Üç rəngin əksini Quzğun dənizdən
              Ərmağan yollasın sana, Bayrağım!

              Gedərkən Turana çıxdın qarşıma,
              Kölgən Dövlət quşu  qondu başıma.
              İzn ver gözümdən axan yaşıma-
              Dinlətsin dərdini sana, Bayrağım!

               Qayı xan soyundan aldığın rəngi,
               Qucamış  Elxanla müsəlman bəyi.
               Elxanın  övladı - dinin dirəyi.
               Gətirdin könlümə səfi, Bayrağım!

               Köksümdə tufanlar gəldim irəli,
               Öpüm  kölgən düşən müqəddəs yeri.
               Allahın yıldızı - o gözel pəri
               Sığınmış qoynunda Aya, Bayrağım!!!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər