“Biz təklif edirik ki, arxiv açılsın və bizim əməkdaşlar orda çalışsın. Bizim məqsədimiz arxiv sənədlərinin açılmasından ibarətdir”.
Bu sözləri Modern.az-a açıqlamasında Prezident katibliyinin keçmiş rəhbəri Eldar Namazov Qacqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bu gün kecirdiyi mətbuat konfransında onun ünvanına səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
E.Namazovun sözlərinə görə, komitə rəhbərinin belə açıqlama verməsi narahatçılığa əsas verən ciddi məqamların olduğunu göstərir. “Biz hesab edirik ki, bu araşdırılmalıdır. Çox təəssüf ki, həmin komitənin mətbuat xidməti və komitə sədri məlumat verir. Görünür narahatlıq yaradan səbəblər var və onlarda həmin sənədlər yoxdur”.
Əli Həsənovun “o komitənin mən gələnədək arxivi olmayıb, arxivi mən yaratmışam” fikrinə münasibət bildirən E.Namazovun cavabı maraqlı olub:.
“Bu neçə ola bilər ki, qacqınlarla məşğul olan komitənin arxiv sənədləri olmasın”-deyə politoloq vurğulayıb.
Qeyd edək ki, E. Namazov və professor Firudin Cəlilov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini Qərbi Azərbaycan köçkünlərinin şəxsi mülkiyyəti haqqında sənədləri yandırmaqda ittiham ediblər. Bu gün keçirdiyi mətbuat konfransıda komitənin sədri Ə. Həsənov bu məlumatı təkzib edib. O qeyd edib ki, həmin şəxslər və məlumatı dəqiqləşdirmədən yayan mətbuat orqanları barəsində MTN-ə və DİN-ə müraciət hazırlayır.
Sədaqət Süleymanova