Modern.az

Nazir: "Həmin rəhbərlər barəsində ən ciddi tədbirlər görüləcək"

Nazir: "Həmin rəhbərlər barəsində ən ciddi tədbirlər görüləcək"

Ölkə

14 May 2011, 16:05

Misir Mərdanov müəllimlərin işə qəbuluna dair yeni əmr imzalayıb

Təhsil naziri Misir Mərdanov müəllimlərin orta məktəblərdə işə qəbulunun tənzimlənməsi barədə yeni əmr imzalayıb.Bu barədə Modern.az saytına Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, mövcud nöqsanların aradan qaldırılması məqsədilə hələ 2008-2009-cu tədris ilindən respublikanın ümumtəhsil məktəblərində müəllim vəzifəsi nazirliyin uçot nomenklaturasına daxil edilib. Bu məqsədlə 2009-2010-cu tədris ilində Bakı şəhərinin, 2010-2011-ci dərs ilində isə respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun yeni qaydalar əsasında müsabiqə yolu ilə aparılmasına başlanılıb.

Eyni zamanda müəllimlərin işə qəbulu ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş gənc mütəxəssislərin "2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf  Proqramı" çərçivəsində həmin illərdə və 2010-cu ildən isə Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun olaraq dövlət sifarişinə əsasən həvəsləndirmə tədbirləri tətbiq olunmaqla kadra ciddi ehtiyac olan kənd məktəblərinə birbaşa göndəriş yolu ilə də aparılıb. Bu prosesin pedaqoji kadr təminatında əhəmiyyətli rolu olsa da, indiyədək həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini yalnız həmin ildə bitirən məzunlara şamil edilirdi.

Nazirin imzaladığı təzə əmrlə müəyyənləşdirilmiş yeni qaydalarda isə həvəsləndirmə tədbirlərinin pedaqoji ixtisas təhsilli 35 yaşınadək bütün gənclərə tətbiqi nəzərdə tutulub.

Həmçinin, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin "Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi" alt-komponentində də müəllimlərin işə qəbulu mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə daha səmərəli sistemin yaradılması vacib bir məsələ kimi qarşıya qoyulub.

Nazirlikdən bildirilib ki, Misir Mərdanoun budəfəki əmri müəllimlərin işə qəbulu sahəsində vahid yanaşmaların tətbiqi, bununla bağlı mövcud normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi, işə qəbul zamanı şəffaflığın, obyektivliyin təmin edilməsi və bu prosesin daha səmərəli mexanizmlərlə tənzimlənməsi məqsədi daşıyır.

Sözügedən əmrə əsasən, Təhsil Nazirliyi sistemindəki bütün tipdən və növdən olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək.

Əmrdə bildirilib ki müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş vahid sistemə keçidlə əlaqədar dövlət ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən məzunların iş yerinə göndərilməsi üçün təyinatların verilməsi dayandırılır.

Pedaqoji profilli dövlət ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri məzunlara müəllimlərin işə qəbulu üzrə yeni qaydalar barədə ətraflı məlumat verməyi və geniş izahat işi aparmağı təmin etməlidirlər.

Yerli təhsil idarələri və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il tarixli, 215 nömrəli qərarına uyğun müəllimlər arasında dərs bölgüsünün aparılmasını təmin etməlidirlər.

Hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə  nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunmasi şöbəsinə təqdim etməlidirlər.
Onlar işə qəbul üzrə müsabiqənin nəticələrinə uyğun olaraq nazirliyin rəsmi məktubu əsasında vakant yeri tutmuş müəllimlərlə əmək müqaviləsinin bağlanmasını və əmrlə rəsmiləşdirilməsini təmin etməlidirlər.

Əmrdə bildirlib ki, əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş pedaqoji kadrlara Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələlər həll ediləcək. Bu zaman həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan gənclərə şamil olunacaq.

Rayon və şəhər daxilində bir ümumtəhsil müəssisəsindən digərinə eyni ixtisas müəllimlərinin qarşılıqlı yerdəyişməsi müvafiq məktəb rəhbərlərinin razılığı əsasında, bir ümumtəhsil müəssisəsində işləyən müəllimin digər ümumtəhsil müəssisəsində mövcud olan vakant yerə yerdəyişmə yolu ilə işə qəbulu isə Təhsil Nazirliyinin razılığı əsasında, yerli təhsili idarəetmə orqanının əmri ilə həyata keçirilməlidir.

İşə qəbul üzrə müsabiqə başa çatanadək elan edilmiş vakant yerlərə rayon (şəhər) daxilində yerdəyişmə yolu ilə və ya əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanmasına, eləcə də bir rayondan (şəhərdən) digərinə yerdəyişmə yolu ilə müəllimlərin işə qəbuluna icazə verilmir.

Analıq məzuniyyəti yerinə müəllimlərin işə qəbulu yerli təhsili idarəetmə orqanlarının razılığı əsasında ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanmaqla məktəb direktorunun əmrinə əsasən aparılmalıdır. Həmin müddət bitdikdən sonra əmək müqaviləsinin tərəf, müddət və şərtlərinə yenidən baxılmalıdır.

Nazirliyin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi nazirliyin rəsmi internet saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinin açılmasını, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş məlumatların həmin səhifədə yerləşdirilməsini təmin etməlidir.

Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi isə hər il iyul ayının 1-dək vakant yerlər barədə məlumatların təhlilini aparmalı, nazirliyin rəsmi internet saytında və "Azərbaycan müəllimi" qəzetində elanların verilməsini, o cümlədən  həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərin elanda reqlamentlə müəyyənləşdirilmiş qaydada göstərilməsini təşkil etməlidir.

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerləri hər tədris ili üçün müəyyənləşdiriləcək və iyun ayının 15-dək Maliyyə Nazirliyinə təqdim ediləcək.

İşə qəbulla bağlı müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılacaq və onlar "Test bankı" hazırlayacaq.

Müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə əlaqədar əmək qanunvericiliyindən və yeni əmrdən irəli gələn tələblərə ciddi riayət olunması, eləcə də yol verilən nöqsanlara görə bilavasitə məsuliyyət daşımaları yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə çatdırılıb.

Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tətbiq ediləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər