Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” yekunlaşdı. Qalib Azərbaycan və türk dünyası oldu. Neçə gündür ki, Azərbaycan və Türkiyədə insanlar bu qələbənin sevincini yaşayır. Türk dünyasının önəmli simalarının bir zamanlar dedikləri “Sevinciniz sevincimiz, kədəriniz kədərimiz”, “Bir millət, iki dövlət” kəlamlarına şübhə ilə baxanların arzularını bu yarışmanın sonu alt-üst etdi.
Mən həmkarlarımdan fərqli olaraq, Nigarla Eldarın o səhnəyə bütün dünyanın gözü qarşısında Türkiyənin bayrağıyla çıxmasına toxunmayacam. Çünki burda fövqəladə bir hadisə görmürəm. Axı biz eyni millətik. Türkiyə bizim üçün Azərbaycan qədər əzizdir. Ona görə də hesab edirəm ki, bu addımı hansısa siyasi jest olaraq deyil, normal olaraq qarşılamalıyıq. Doğrudur, bizim düşmənlərimiz buna sevinmir. Amma etiraf etməliyik ki, bu hərəkət bizlərin birliyindən başqa bir şey deyildi. Yəni bir qardaş finala düşməsə də, digər qardaşına kömək əlini əsirgəmədi. Sirr deyil, türk bir olanda daha böyük olur. Bu yarışma bir daha onu göstərdi. Azərbaycan və Türkiyə bayraqları qarşısında baş əyərək bu mövzudan yazmıram.
Artıq “Eurovision-2012” hazırlıqlarına start verilib. Belə bir yarışmanın qalibi olduğumuz üçün, necə deyərlər, çox mutluyam. Damarında türk qanı daşıyan hər kəs kimi, mən də bu uğurumuzda zəhməti olan hər kəsə təşəkkür edirəm. Və bu yarışmanın mənim üçün qaranlıq qalan məqamlarından danışacam.
Avropanın bizə və türk dünyasına, özəlliklə müsəlman aləminə olan münasibətini yaxşı bilirik. Elə ötən həftə Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi bu dövlətlərin yuxarı instansiyalarının bizə olan mövqeyini açıq şəkildə ortaya qoyur. Odur ki, bizim qələbəmizin bu cür asan tanınmasına şübhələrim var. Parlamentdə millət vəkillərindən biri məsələyə münasibət bildirərkən, «sadə avropalılar siyasətçilərdən fərqli olaraq, ədaləti daha yaxşı görür və qiymətləndirir» söylədi. Bununla razıyam. Sadə avropalıların, o cümlədən bu ölkələrdə yaşayan Türkiyə və Azərbaycan diasporasının bizim yarışmaçıların ifasına yüksək qiymət verərək səs göndərməsi danılmazdır. Amma əminəm ki, hər şeyi siyasiləşdirən Avropa bu yarışmanı da istədiyi məcraya sala bilərdi. Oxucu düşünə bilər, əcaba nə oldu ki, Avropa buna göz yumdu?
Əslində Avropa məsələyə bizim düşündüyümüz kimi göz yummayıb. Tam əksinə, buradan qazanacaqlarını düşünüb. Onların iqtisadi baxımdan düşündükləri barədə artıq bəzi şəbəklərdə və media qurumlarında kifayət qədər məlumat verilib. Odur ki, bu məsələnin üzərindən də keçirəm. Diqqətimi cəkən önəmli məqam erməni faktorudur. Avropa bunu başdan hesablayıb. Ermənistan bu il finala buraxılmadı. Halbuki, Ermənistan bizimlə eyni ildə bu yarışmaya qatılıb. Hər il bizi necə deyərlər daban-dabana təqib edib. Bu il isə nəinki bizi təqib etdi, finala belə çıxmadı. Bunun səbəbi gələn il Ermənistana ediləcək stavkayla bağlıdır. Zənnimcə, Avropa bu dəfə erməniləri kənarda saxlayıb, narazı obrazı yaratmaqla 2012-ci ildə Ermənistana verəcəkləri birinci yeri leqallaşdırmaq istəyirlər. Oxucu təəccüblənə bilər. Amma, fikrimcə, buna təəccüblənməyə dəyməz. Ermənistanın gələn il Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı açılmış bu diskussiyalar növbəti ilə hesablanmış bir piardır. Yəni dünyada diqqəti yenidən ermənilərə yönləndirməkdir. Hətta yarışmaya bir az qalmış dünyanın çox önəmli media qurumlarında bu barədə şou xarakterli verilişlər hazırlanacaq. Amma əminliklə deyə bilərəm ki, Ermənistan bu yarışmaya gələcək. Bakıda keçiriləcək bu nüfuzlu yarışmanın qalibi olaraq buradan İrəvana dönəcək. İnşallah, mən öz proqnozumda yanılmış olaram. Amma Türkiyə türkləri demiş, bu fikrimdə qalır və altını çizirəm. Avropa siyasətdə olduğu kimi, incəsənətdə də Ermənistana arxa olacaq. Necə ki, bu yarışmaya qatıldıqları gündən bu yana, Ermənistana arxa olmuşdular. Ola bilsin ki, bəzi insanlar bunun mümkün olmadığını, Ermənistanın belə bir nüfuzlu yarışmanı keçirmək imkanlarına malik olmadığını arqument olaraq ortaya qoysun. Amma kəsinliklə deyə bilərəm ki, bu mümkün deyil. Bu yarışmaya qatılan hər kəs buna iddialıdır. Və varlısından, kasıbından asılı olmayaraq, bütün iştirakçı dövlətlər birinci yerə iddialı olurlar. Bu isə o deməkdir ki, onlar qazanacaqları təqdirdə, öz ölkələrində bu yarışmanı keçirə bilərlər. Digər tərəfdən istər Rusiya, istərsə də Avropa ölkələri bütün imkanlarını ortaya qoyaraq bu yarışmanın Bakıdakı, ya da başqa ölkələrdəki kimi olmasa da, ən az Ermənistanın keçirə biləcəyi səviyyədə keçirə bilərlər. Və hətta əllərindəki media qurumları vasitəsiylə, Ermənistanın bizim tərəfimizdən blokadaya salındığını, iqtisadi baxımdan zəiflədiyini dünyaya car çəkəcəklər. Fikrimcə, bizim media bu məsələyə diqqət ayırmalıdır. Bu çox önəmlidir. Bu gün üçün inandırıcı olmasa da, sabah bunun zərərini görə bilərik. Təbii ki, bunu dövlət deyil, media etməlidir. Artistlik edən Ermənistanın və rejissorluq edən Avropanın oyununu pozmalıdır. Napaleon demiş, bir qələmin etdiyini, bir ordu belə edə bilməz.