Azərbaycanın xaricdəki səfirliklərinin üzərinə fəaliyyət göstərdikləri ölkələrdə respublikamızın maraqlarının müdafiəsi, dövlətimizin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği baxımından böyük iş düşür. Azərbaycanın Respublikasının xarici ölkələrdə 70-dən çox diplomatik korpusu fəaliyyət göstərir. Amma onların hamısının işini yüksək qiymətləndirmək olmaz. Elə jurnalistlər də bu məsələni birmənalı qəbul etmirlər. Modern.az ayrı-ayrı KİV-lərdə çalışan jurnalistlərdən hansı ölkədəki diplomatik korpusumuzun işinin yaxşı, hansının pis olduğunu soruşub.
“Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayilbəyli hesab edir ki, Azərbaycanın Macarıstan, Türkiyə, Rusiyadakı səfirlikləri, eləcədə İstanbuldakı Baş konsulluğu yaxşı fəaliyyət göstərir.
Fəaliyyəti qənaətbəxş olmayan diplomatik nümayəndəliklərə gəlincə, S.İsamyılbəyli qeyd etdi ki, İran, Orta Asiya respublikalarında yerləşən səfirliklərimizin işi yaxşı səviyədə deyil. Və bu səfirliklər bəzi əlamətdar günlərdə tədbir keçirməklə öz işlərini bitmiş hesab edirlər.
“Bu ölkələrdə yerləşən səfirliklərimiz sadəcə tarixi bayramlar olandan olana nəsə tədbir keçirirlər. Məncə səfirliyin işi tədbir keçirməklə bitməməlidir. Qarabağ problemi ilə bağlı həmin ölkələrdə mütamadi tədbirlər keçirmək lazımdır”.
“Şərq” qəzetinin əməkdaşı Seymur Qasımbəyli bildirdi ki, Argentina, ABŞ, Rusiya, Gürcüstan və Türkiyədəki Azərbaycan səfirlikləri aktiv fəaliyyət göstərirlər.
“Bu səfirliklərdən mənə tez-tez məlumat gəlir. Ola bilsin adlarını yaddan çıxardıqlarım da var”.
“Hansı ölkədə fəaliyyət göstərən səfirliklər isə əksinə, qeyri-aktiv fəaliyyət göstərirlər” sualına S. Qasımbəylinin cavabı belə oldu:
“Düzdü, passiv fəaliyyət göstərəm səfirliklər var, amma onların adını mən indi çəkə bilmirəm. Çünki, dəqiq məlumatlarım yoxdur”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli bildirdi ki, Azərbaycan səfirliklərindən konkret hansının aktivlik göstərdiyi yaddında qalmayıb.
“Səfirliklərimizin fəaliyyəti yerləşdikləri ölkələrin siyasətinə uyğun qurulur. Təssüfflər olsun ki, səfirlər xarici ölkələrə diplomatik missiya naminə göndərilmir. Eldar Həsənov, Həsən Həsənov kimi səfirlər orada sadəcə gün kecirirlər”.
E.Məmmədli hesab edir ki, əgər Azərbaycan səfirlikləri fəaliyyət göstərdikləri xariçi ölkələrdə aktivlik nümayiş etdirsəydilər, xaricdən Azərbaycana qarşı sərt bəyanatlar verilməzdi.
“Əgər səfirliklər öz potensialı hesabına fəaliyyət göstərsəydilər, sərt bəyanatlar verilməz, Azərbaycanın beynəlxalq imici bu şəkildə olmazdı. “Erməni lobbisi güclüdür” deyib yalvarışlı mövqedə durmazdılar. Bunun üçün sadəcə fəaliyyət göstərmək lazım idi”.
“Səs” qəzetinin əməkdaşı Elçin Bayramlı bildirdi ki, səfirliklərin fəaliyyəti bir neçə ölkəni çıxmaq şərtilə o qədər də effektli deyil.
“Bu, ölkələrdən asılıdır. Bəzilərinin işi effektlidir. Rusiya və ABŞ-ı bu sırada göstərmək olar. Eləcə də Ukrayna və Belarusu bu sıraya əlavə etmək olar”.
Səfirliklərimizin fəaliyyətinin Arova ölkələrində effektli olmadığını deyən həmsöhbətimiz qeyd etdi ki, Çin və Hindistandakı diplomatik korpuslar bir qədər aktiv işləməlidir.
“BMT-də Azərbaycanın əleyhinə səs verəndə bunu görmək oldu. Hansı ölkələrdə səfirliklərimiz yaxşı işləmirdi, o ölkələr əleyhimizə səs verdilər, bunlardan biri də Hindistan idi. Çin eyni zamanda BMT Təhlükəsizlik Şurasının üzvidir. Və bəzi məsələrdə bu ölkə Azərbaycana kömək edə bilər”.
E.Bayramlı vurğuladı ki, Türk respublikalarındakə səfirliklərimizin də fəaliyyəti istənilən səviyyədə deyil.
Fransadakı diplomatik nümayəndəliyimizin də adını uğursuz fəaliyyət göstərən səfirliklər sırasında çəkən E.Bayramlı söylədi ki, erməni səfirliyi və lobbisi bu ölkədə daha fəaldır. “Ermənilər nəsə bir sənəd hazırlayıb Fransa Senatına təqdima verir, bizimkilər isə onun müzakirəsi zamanı bundan xəbərdar olurlar. Halbuki, əvvəlcədən məlumatlanıb önləyici tədbirlər görmək olar”.
APA-nın əməkdaşı Ramil Məmmədli düşünür ki, bu məsələyə bir qədər fərqli yanaşmaq lazımdır: mətbuatın bildiyi və mətbuata açıqlanmayan fəaliyyət. Gürcüstandakı səfirliyin fəaliyyətini yüksək qiymətləndirən R.Məmmədli əlavə etdi ki, Rusiyadakı səfirlik səfir Polad Bülbülöğlunun timsalında aktivdir.
“Nəzərə almaq lazımdır ki, Polad Bülbüloğlu nazir olub və onun mətbuata çıxış imkanları daha genişdir. Bu kontekstən yanaşdıqda, deyə bilə bilərik ki, bu səfirlikdə də aktivlik hiss olunur”.
R.Məmmədli ümumilikdə isə səfirliklərin fəaliyyətini qənaətbəxş hesab etmədiyini bildirdi. Onun sözlərinə görə, qonşu ölkələrlə müqayisədə Azərbaycanın səfirlikləri aktiv deyil.
“Xaricdə yaşayan dostlarım var, onlar istəyiblər səfirliyin imkanlarından istifadə etsinlər. Əvəzində problemlərlə qarşılaşıblar”.
Böyük Britaniyada və İtaliyadakı səfirliklərin fəaliyyətinin qənaətbəxş olmadığını vurğulayan R.Məmmədli eyni zamanda qeyd etdi ki, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbraihim mətbuatla işləmir.
“Əvvəllər Xarici İşlər Nazirliyində mətbuat xidməti vəzifəsində çalışan Xəzər İbrahim hazırda səfir statusunda bir vəzifədə çalışır, amma Azərbaycan mətbuatı ilə fəaliyyəti ürəkaçan deyil”.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə hesab edir ki, hansı ölkədə səfirliyin daha aktiv fəaliyyət göstərdiyini demək üçün həmin ölkəyə səfər etmək lazımdır. Eyni zamanda, səfirliklərin gördükləri işin məbuatda neçə işıqlandırılması da vacib amildir.
“Elə səfirliklər var ki, mütamadi olaraq mətbuata informasiya verir. Bəzi səfirliklərdən isə informasiya almaq mümkün olmur”.
İ.Əlizadənin fikrincə, Rumıniya, Polşa, Türkiyə, Gürcüstan və Misirdə yerləşən səfirliklərimiz aktiv fəaliyyət göstərənlərdir. “Bu səfirliklər müyyən tədbirlər təşkil edir, mətbuata mütamadi məlumatlar verirlər”.
Bəzi ölkələrdəki diplomatik korpuslarımızın işini müəyyənləşdirməkdə çətinlik çəkdiyini deyən İ.Əlizadə qeyd etdi ki, bu ölkələrin nə iqtisadi, nə siyasi, nə coğrafi baxımdan Azərbaycana yaxınlığı yoxdur.
“Bəzi ölkələr var ki, orada səfirliklərimiz fəaliyyət göstərir. Həmin ölkələrdə Azərbaycanın marağının nə olduğunu müəyyənləşdirmək çətindir. Heç bir əlaqə yoxdur. Oradakı nümayəndəliyimizin də fəaliyyətinin olub-olmaması nəzərə çarpmır”.
Zəif fəaliyyət göstərən səfirlikləradlarına gəlincə, İ.Əlizadə qeyd etdi ki, bunu demək üçün daim onların fəaliyyəti izləmək lazımdır.
“Mütamadi izləmək lazımdır ki, hansının zəif olduğunu deyə biləsən. Bu sahədə konkret ad çəkə bilmərəm”.
“Ayna - Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov bildirdi ki, Azərbaycanın xarici ölkələrdə necə tanınması səfirliklərin fəaliyyətindən asılıdır. Onun sözlərində görə, əksər səfirliklərimizin fəaliyyəti qənaətbəxş deyil və onlar Azərbaycanın milli maraqlarını müdafiə etməkdən daha çox, tarixi günlərlə bağlı fəaliyyət göstərməyə üstünlük verirlər.
“Səfirliklər daha çox çalışır ki, Heydər Əliyevin xatirəsi yad olunsun, adına küçə olsun və s. Halbuki, çalışmalıdırlar ki, milli maraqlara xidmət etsinlər. Xocalı soyqırımı, Qarabağ hadisələri ilə bağlı fəaliyət göstərməlidirlər”.
“MDB ölkələrindən başqa, Azərbaycanı tanıyan yoxdur” deyən İ.Abbasov söylədi ki, hətta Azərbaycanın iqdisadi əlaqələr qurduğu və səfirliklərimizin yerləşdiyi bəzi ölkələrdə belə, Azərbaycan tanınmır. “İsveçin parlamentində qondarma “erməni məsələsi” müzakirə edilərək qəbul olunub. Biz həmin ölkədə olduq və onların parlamentariləri ilə söhbətlər apardıq. Onlar bilmir ki, bizim onların ölkəsində səfirliyimiz var”.
İ.Abbasov vurğuladı ki, səfirliklərdən heç biri aktiv fəaliyyəti ilə secilmir.
“On illərdir ki, diplomatlarımız xaricdə oturub, heç bir iş görmürlər. Mənə görə, bu dəqiqə ən güçlü diplomat Eldar və Nigardır. Onların sayəsində dünyanın çox ölkələri Azərbaycanı tanıyacaq. Səfirliyin işi viza verməkdən ibarət olmamalıdır”.
Səfirliklərin Azərbaycanın siması olduğunu deyən İ.Abbasov əlavə etdi ki, bu gün diplomatik korpusların fəaliyyəti üçün resurslar var.
“Erməni səfirliyi, eləcə də lobbiçiləri fəaliyyət göstərirlər. Əməli tədbirlərə fikir vermək lazımdır. Səfirliklər heç olmasa, 6 aydan bir mətbuat konfransı təşkil etməlidir. Səfirliklərin fəaliyyəti üçün imkanlar var. Gül bayramına milyonlar xərcləyə biliriksə, bunu da edə bilərik. ABŞ və Norvecin Azərbaycandakı səfirliklərinin necə fəaliyyət göstərdiyinə baxmaq lazımdır”.
“Bizim Yol” qəzetinin əməkdaşı Natiq Cavadlı: “Azərbaycanın xaricdəki bütün səfirlikləri Azərbaycan hakimiyyətinin maraqlarını Azərbaycan xalqının və dövlətinin mənafeyindən üstün tutur. Vəssalam”.
“525-çi qəzet”in əməkdaşı Pərvanə Sultanova bildirdi ki, bu məsələyə müqayisəli yanaşmaq lazımdır. “Olduğum ölkələrdə gördüklərin əsasında deyə bilərəm ki, Macarıstanda və Argentinada səfirliklərin fəaliyyəti qənaətəxşdir. Macarıstanda səfir Vilayət Quliyevlə görüşdüm, onların fəaliyyətini yüksək qiymətləndirmək olar”.
ABŞ-dakı səfirliyimizin fəaliyyətininin aktiv olmadığını deyən P.Sultanova qeyd etdi ki, bunun nəticəsidir ki, “907-ci düzəliş” hələ öz qüvvəsində qalır və ABŞ Konqresi Ermənistana və Qarabağa daha çox yardım ayırır. Eyni zamanda Misirdə gördüklərindən dəhşətə gələn P.Sultanova vurğuladı ki, bu ölkədə olan səfirliyimiz faktiki işləmir.
“15 gün Misirdə oldum. Orada bizi heç kim tanımır. Bizdən fərqli olaraq, erməniləri demək olar ki, hamı tanıyır”.
P.Sultanova qeyd etdi ki, ümumilikdə əksər Avropa ölkələrində olan səfirliklərin fəaliyyəti qaneedici deyil.
“Lent.az” saytının əməkdaşı Anar Gəraylı bildirdi ki, səfirliklərin böyük əksəriyyəti press-relizlərlə medianı təmin edir.
“Bu sahədə fəallıq göstərənlər sırasında Misir və Koreyadakı səfirliklərimiz xüsusilə fərqlənir. Macarıstan, Polşadakı diplomatik korpuslarımız da işini aktıv qurub”.
Qeyri-aktiv fəaliyyət göstərən səfirliklərə gəlincə, A.Gəraylı bildirdi ki, Afrika ölkələrindəki nümayəndəliklərimizi bu sırada göstərmək olar.
“Qeyri-aktiv fəaliyyət göstərn səfirliklərin adlarını sadalasaq, uzun bir siyahı yaranar. Afrika ölkələrindəki diplomatik nümayəndəliklərimizi xüsusi qüyd etmək olar. Xarici İşlər Nazirliyi özü yaydığı məlumatları nəzərə almasaq, demək olar ki, onlar özləri bu məlumatları yaymaqda ləngiyirlər”.
Modern.az saytının əməkdaşı Xaqani Səfəroğlu hesab edir ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərindən hər hansı biri digərindən öz fəallığı ilə seçilmir. Jurnalistin fikrincə, ən azı beş iri ölkədə - ABŞ, Almaniya, Fransa, Rusiya, Böyük Britaniyada səfirliklərimizin fəaliyyəti daha çox üzdə olmalı olduğu halda bu, nəzərə çarpmır. X.Səfəroğlu söylədi ki, səfirlər müəyyən təlimatlar əsasında fəaliyət göstərirlər.
“Məncə səfirliklərin fəallığı Xarici İşlər Nazirliyinin işini qurmasından asılıdır. Mediada ayrı-ayrı ölkələrdəki Azərbaycan vətəndaşları ilə səfirliklərimiz arasında yaranan narazılıqları əks etdirən yazılar dərc olunur. Daha çox diplomatik personalın çatışmadığı, peşəkarlığın aşağı olduğu faktlar yeni müstəqil dövlətlər üçün xaraktürik haldır”.
X.Səfəroğlu deyir ki, Azərbaycan səfirlikləri ictimai fəaliyyətdə fəallıq tələb edən bir sıra məsələlərlə məşğul olmalıdır.
“Bu daha çox Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək baxımından zəruridir. Bizim səfirliklər nədənsə kənarda yaşayan azərbyacanlılarla, onların qurduğu diaspior təşkilatları ilə məsafə saxlamağa üstünlük verir. Amma səfirliklərin effektiv işi üçün bütün əlaqələrin saxlanılması vacibdir”.
“Trend” İA-nin əməkdaşı Murad Əliyev bildirdi ki, bütün səfirliklərin fəaliyyəti eyni səviyyədədir.
“Bizim hər hansı səfirliyə göndərdiyimiz sorğu cavabsız qalmır. Və eyni zamanda səfirliklər əlaqə saxlamaq problemi yaratmır. Hər hansı ölkədə baş verən hadisə zamanı orada azərbaycanlıların olub-olmamasını öyrənə bilirik”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Camal bildirdi ki, səfirliklərin fəaliyyətinə qiymət verərkən ilk növbədə onların yerləşdikləri ölkələri, həmin ölkələrin Azərbaycanla münasibətlərinin səviyyəsini nəzərdən keçirmək lazımdır.
“Təbii ki, bütün səfirliklərimizin fəal olması arzuolunandır. Amma elə ölkələr var ki, məsələn, İran, orada Azərbaycan səfirliyi istəsə belə fəal ola bilməz. Ancaq dünya siyasətində aparıcı mövqeyi olan ölkələrdə səfirliklərimizin fəal olması şərtdir.
Şəxsən mənim daha çox diqqətimi çəkən Türkiyə, Özbəkistan, Rumıniya və Macarıstandakı səfirliklərimizdir”.
Sədaqət SÜLEYMANOVA