Bakı şəhərini keyfiyyətli içməli su ilə təmin etməli olan Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı ötən ilin sonlarında baş tutsa da, indiyədək bəzi problemlər üzündən kəmər işə salınmamışdı. Ötən il dekabrın 28-də baş tutan açılış mərasimindən sonra hamı üçün maraqlıydı ki, görəsən Oğuz və Qəbələnin bulaqlarından çəkilən təmiz su Bakının hansı rayonunun bəxtəvər sakinlərinin mənzillərinə axacaq...
Modern.az saytının məlumatına görə, kəmərdəki problem aradan qalxıb və artıq Bakının bəzi yerlərinə təmiz bulaq suyu verilir.
Xatırladaq ki, Baş nazirin müavini Abid Şərifov bir müddət əvvəl jurnalistlərə açıqlamasında Oğuz-Qəbələ-Bakı su kəmərində olan xırda problemlərin də 1-2 aya qədər həll olunacağını bildirmişdi.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) Modern.az saytına verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəməri artıq işı salınıb və paytaxta təmiz içməli su verilir. Hələlik hazırda bu kəmər vasitəsilə Bakıya saniyədə 3 kubmetr içməli su paylanır.
"Azərsu"dan saytımıza bildirilib ki, Qəbələ-Bakı su kəmərinin suyu hazırda Yasamal, Nəsimi və Səbail rayonlarının bir sıra ərazilərinə verilir.
“Bununla da Bakının içməli su təchizatı yaxşılaşdırılıb. İlk görüntülər var. Məsələn, Lökbatana fasiləsiz və Bakıxanov qəsəbələrinə sutkada 10-12 saat işçəli su verilir. Halbuki, Oğuz-Qəbələ-Bakı su kəməri işə düşməzdən öncə belə deyildi”-deyə "Azərsu"dan Modern.az-a bildirilib.
Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəqlini təmin edir.
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsidir. Bunun üçün təxminən 150 metr dərinlikdə və 350 mm diametrində olan 75-ə qədər istismar quyusundan ibarət sugötürücü qurğu tikilib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 2007-ci ildə başlanılıb və 2010-cu ilin dekabrın 28-də kəmərin açılışı olub. Layihənin ilkin dəyəri 300 mln. manat həcmində qiymətləndirilib. Lakin üç il ərzində qiymət iki dəfədən çox artıb. Son qeyri-rəsmi məlumatlara görə, su kəməri 750 mln. manat və ya təxminən 1 mlrd. dollara başa gəlib.
Modern.az