İyunun ayının 25-də Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün yenidən bir araya gələcəklər. Prezidentərin növbəti görüşü Dmitri Medvedevin də iştirakı ilə Rusiyanın Kazan şəhərində baş tutacaq. Kazan görüşü münaqişə tərəflərinin cari ildə sayca ikici görüşü olacaq.
Prezidentlərin əvvəlki görüşlərindən fərqli olaraq, bu dəfəki görüş Azərbaycan üçün nə vəd edir?
Politoloq Qabil Hüseynli: “Prezidentlərinin Kazan görüşündə müsbət nəticələr əldə oluna bilər”
Politoloq Qabil Hüseynli iyun ayının 25-də Rusiyanın Kazan şəhərində keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünüi şərh edərkən bildirib ki, prezidentlərin bu görüşü əvvəlkilərdən xeyli fərqli ola bilər.
O, Modern.az saytına açıqlamasında Azərbaycanın səbirsizliklə gözlədiyi Kazan görüşü ilə bağlı bəzi maraqlı məqamlara toxunub və qeyd edib ki, geridə qalan 8 görüşlərindən fərqli olaraq, ölkə rəhbərlərinin Kazan görüşündən müsbət nəticələr gözləmək mümkündür:
“Qeyd edim ki, əgər əvvəllər ABŞ Dağlıq Qarabağ probleminin taleyini təkbaşına Rusiyanın ümidinə buraxmışdısa, özü bu prosesdə qeyri-fəal iştirak edirdisə, artıq bu gün Amerika prosesə ciddi müdaxilə etməyə başlayıb. Biz bunun şahidi olmaqdayıq. Həmçinin, həmsədrlərin Vaşinqtona Hillari Klintonla görüşə getməsi də bu prosesdə ABŞ-ın maraqlı olmasını göstərir. Hətta, bu yaxınlarda keçiriləcək “Böyük səkkizlər”in görüşündə də Dağlıq Qarabağa dair yeni stimulverici bəyanatın verilməsi gözlənilir. Eyni zamanda həmsədr dövlətlərin prezidentlərinin görüşündə bu məsələnin müzakirə edilməsi gözlənilir”.
Politoloq vurğulayıb ki, ABŞ-ın son illər Dağlıq Qarabağla bağlı münasibətində müəyyən qədər dəyişiklik hiss olunur və Amerika ilk dəfə olaraq öz hesabatında Ermənistanı təcavüzkar dövlət kimi bəyan edib.
“Ağ evin Dağlıq Qarabağa münasibətində bəyanat səviyyəsində də olsa, müəyyən dəyişikliklər var. ABŞ dövlət deportamentinin yanvar ayında yayılmış hesabatında Azərbaycan ərazilərinin erməni qoşunları tərəfindən işğal edildiyi və bunun nəticəsidə Azərbaycanın ərazi bütövlüyünün pozulduğu qeyd edilib. Həmçinin həmin hesabatda bildirilib ki, Qafqazda qeyri-sabitlik yaradan vəziyyətin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi regionda müsbət irəliləyişlərə gətirib çıxara bilərdi. Amerika ilk dəfə olaraq Ermənistanı təcavüzkar dövlət kimi bəyan edir və Azərbaycan ərazilərinin məhz ermənilər tərəfindən işğal edildiyi faktını təsdiqləyir. Bütün bunlar elə təəssürat yaradır ki,dünya dövlətləri münaqişənin sülh yolu ilə həll edilməsinə cəhd göstərir”-deyə Q.Hüseynli qeyd edib
Ermənistanın hər zaman qeyri-konstruktiv mövqedə olduğunu deyən politoloq bildirib ki, prezidentlərin Kazan görüşü ərəfəsində də düşmən öz çirkin əməllərindən əl çəkmir:
“Ermənistan prezidentindən tutmuş, Dağlıq Qarabağın separatçı rejimin qondarma prezidentinə qədər hamısı görüş ərəfəsində həm provakasion, həm də davakar xarakterli bəyanatlar verirlər. Onlar qondarma respublikanın müstəqilliyinin tanınmasının zəruriliyindən danışır və bu kimi sərsəm ideyalar irəli sürürlər. Bu da görüş ərəfəsində xoş atmosfer yaratmır və əksinə əsəbləri gərginləşdirir. Amma, hər halda mənim zənnimcə, indiyə qədər keçirilmiş 8 görüşdən fərqli ola bilər. Çünki, proses Rusiyanın tam nəzarətində deyil. Aparıcı dünya dövlətləri bu prosesdə daha fəal iştirak etməyə başlayıblar”
Bayram Səfərov: “Ümid edirəm ki, Kazan görüşündən xoş xəbərlər eşidəcəyik”
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov da prezident İlham Əliyev və Serj Sərkisyanın Kazan görüşündə müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bildirib:
“Prezidentlərin Kazan görüşündə hansı yeniliklərin olacağını qabaqcadan deyə bilmərəm. Onu deyə bilərəm ki, günbəgün Ermənistanın son sözü qutarır. Erməni vaxtı uzada bilmir. Əlbəttə, bunun yekunu olmalıdır. Görüşlərdə ümid edirəm ki, müsbət nəticə olmalıdır. Müsbət deyəndə bu Azərbaycanın haqq işidir. Biz heç kimin torpağına gözümüzü dikməmişik, nə də gözümüz yoxdur”.
Onun sözlərinə görə, Ermənistanın sözünü artıq heç bir dövlət eşitmək istəmir və hətta, onun tərəfdaşları belə bu məsələdə onu tək qoyublar.
“Bu gün ermənilər öz sələflərin istəyəndə hər yerdə onlara deyirlər ki, Qarabağ məsələsindən danışmaq lazım deyil, bu Azərbaycanın öz daxili işidir. Ermənistan keçmiş MDB ölkələri və eləcə də öz tərəfdaşlarından kömək istəyərkən onlara bildirirlər ki, biz Azərbaycanın daxili işinə qarışa bilmərik. Azərbaycanın “Avroviziya”da qələbəsindən sonra və həmçinin ölkəmizin abadlaşması, çiçəklənməsi və ölkə prezidentinin rəhbərliyi altında görülən işlər bütün dünya ictimaiyyətinə və beynəlxalq qurumlara Azərbaycanın kim olduğunu sübut etdi. Dünya bunu tanıyır. Biz də xoş xəbər eşitmək istəyirik. Bizim arzumuz, istəyimiz odur ki, doğma torpaqlarımıza qayıdaq”-deyə B.Səfərov vurğulayıb.
Anar Rüstəmov