Modern.az

Yalnız ölməyə Azərbaycan yaxşı..?

Yalnız ölməyə Azərbaycan yaxşı..?

30 May 2011, 18:51

Hər dəfə Gürcüstana gedəndə məyus oluram. Tiflisdə qarşıma çıxan beş adamdan üçü Azərbaycan dilində danışır. Gürcüstanın ən bahalı restoranlarında azərbaycanlılar hesab ödəyirlər. Yeni ili qonşu ölkədə qarşılayan azərbaycanlıların sayı hər il 10 min nəfər artır.

İnsaf naminə deməliyik ki, Gürcüstan ecazkar təbiətə malik olan bir ölkədir. Ötən il bu vaxt Gürcüstandan Türkiyəyə gedəndə Tiflisdən Batumiyə qədər düz 8 saat gözəl təbiət mənzərələrinə tamaşa etdim. Bu ölkənin içərilərinə doğru irəlilədikcə, Qafqazın dünyanın ən gözəl guşələrindən biri olduğuna zərrə qədər də şübhə etmirsən. Amma ötən həftə dolanbac yollarla Gəncədən Daşkəsənə gedəndə daha çox həyəcanlandım. Qubada, İsmayıllıda, Oğuzda, Şəkidə və digər dağ rayonlarımızda olanda da eyni hisləri keçirmişəm. Mən, hələ Azərbaycan kimi gözəl təbiəti, təmiz havası, dupduru suyu olan ikinci bir ölkə görməmişəm.

Bu barədə düşünəndə ortaya həmişə eyni sual çıxır: necə olur ki, azərbaycanlılar bu gözəl ölkəni qoyub, dincəlmək üçün Gürcüstana, Rusiyaya, Türkiyəyə gedirlər?

Bunun bircə səbəbi var: Azərbaycan regionun ən bahalı ölkəsidir. Qəbələdə 3 gün xərclədiyin pulla Batumidə 13 gün istirahət edə bilərsən. Azərbaycandakı bahalığın elmi izahı yoxdur. Minimum əməkhaqqının 85 manat olduğu ölkədə ortabab bir oteldə gecələmək istəyən turist ən azı 95 manatından keçməlidir. Beş manatlıq dana ətindən hazırlanmış yeməyi istirahət mərkəzlərində turistlərə 50 manata sırıyırlar. Dünyada bunun analoqu yoxdur.

Azərbaycanda bahalığı monopoliya, monopoliyanı isə məmurlar yaradır.

Ölkənin rayonları beş-altı korrupsioner məmurun arasında bölünüb. Bu adamlar Bakıda Xəzəri, rayonlarda isə meşələri, dağları hasara alıblar. Hansı istirahət mərkəzinə gedirsənsə, arxasından ya Kəmaləddin Heydərov, ya Ziya Məmmədov, ya da Etibar Pirverdiyev çıxır. Əhəd Əhmədov adlı əfəl bir deputat vardı. Bu adam hər il Haramıda 50 min hektar taxıl əkir. Əgər Haramıda yan-yana ikicə ağac bitsəydi, yəqin ki, Əhmədov orda istirahət kompleksi inşa etdirərdi. Mən, Masallıda bunun şahidi olmuşam. İlanmələyən bir çöllükdə "Dəştvənd" adlı istirahət mərkəzi tikiblər. Yayda otaqlarda 40 dərəcə isti olsa da, bir gecə qalmaq üçün bizdən 100 dollar aldılar. İstiyə dözümü olmayan seminar iştirakçılarının çoxu gecəni otelin qarşısındakı oturacaqlarda keçirdi.

Hökumət bu qiymətlərlə ölkəyə turist cəlb etmək istəyir...

İstanbulda qədim Topqapı Sarayının yanındakı "Meqara" otelində gecələmək bizim pulla 50 manatdır. Səhər və şam yeməyini də otel verir. Axşamlar otelin 5-ci mərtəbəsində yerləşən restoranda şam edəndə dəniz insanın ayağının altında qalır. Hansı səfeh bu şəraiti qoyub, Əbülfəs Qarayevin nəzarətində olan pinti otellərdə dincəlməyə gələr?
Yanvarda Tiflisdə Gürcüstan prezidenti Mixail Saakaşvilinin tez-tez qonaq olduğu "Puris Saxıl" restoranında şam etdim. Üç nəfərin istirahəti 30 dollardan ucuz başa gəldi. Amma Bakıda Ziya Məmmədovun oturduğu restoranın qapısından içəri keçmək üçün ən azı 100 dollar ödəmək lazım gəlir.

Gözünü qonorara tikən bizim kimi jurnalistlər nəinki Ziya Məmmədovun, heç onun sürücüsünün yeyib-içdiyi restoranda da şam edə bilməz. Azərbaycan xalqının 80 faizi Ziya Məmmədovun sürücüsündən kasıb olduğu üçün Gürcüstan, Türkiyə, Pakistan, Hindistan kimi ucuz ölkələrdə dincəlməyə üstünlük verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər