Modern.az

Dövlət müəssisələrində alimlərə 65 yaşdan sonra da işləməyə icazə veriləcək

Dövlət müəssisələrində alimlərə 65 yaşdan sonra da işləməyə icazə veriləcək

31 May 2011, 12:34

Milli Məclis bir neçə gün öncə Əmək Məcəlləsinə və “Dövlət Qulluğu haqqında” qanuna əlavə və dəyişiklikəri qəbul etməklə dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışanlara yuxarı yaş həddi kimi 65 yaşı təsdiqləyib. Parlament səsverməsi ilə Əmək Məcəlləsinə 10-1-ci maddə əlavə edilib ki, orada da göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddi 65 olmalıdır. Maddənin digər bəndində qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Sənəddə göstərilib ki, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş işçinin çalışma müddəti isə nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
Qeyd edək ki, Milli Məclisdə müzakirə zamanı bir sıra ali məktəblərin rektorları bu məsələyə etiraz etmişdilər.

Modern.az saytı xəbər verir ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında yenidən sözügedən məsələyə baxılıb. Müzakirələrdən sonra komitə belə qaəarar gəlib ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlar üçün müəyyənləşdirilən yuxarı yaş həddi -  65 yaş elmi-tədqiqat müəssisələrinin işçilərinə şamil olunmasın.

Sosial siyasət komitəsinin müzakirə etdiyi ikinci məsələ “Əmək pensiyası haqqaında” qanuna dəyişikliklə bağlı sənəd olub. Qanuna dəyişikliyi nəzərdə tutan layihə parlamentin plenar iclasına tövsiyə edilib. Layihəyə görə, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, hazırda işləməyən əmək pensiyaçılarının əmək pensiyalarının baza hissəsi elmlər doktoru dərəcəsi üzrə 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) üzrə 120 manat məbləğində artırılır.

İclasda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, bu dəyişiklik elmlər doktorlarının və elmlər namizədlərinin hamısına şamil olunmayacaq: “Orada şərt var ki, artım 25 il elmi-tədqiqat və təhsil müəssislərində çalışanlara aiddir. Onların hər birinə fərdi yanaşma olacaq. Həmin şəxslərin pensiya işləri qaldırılacaq və baxılacaq. Eyni zamanda bu dəyişiklik işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə aiddir. Kim əmək fəaliyyətini dayandıracaqsa, həmin məbləğ onların pensiyası üzərinə hesablanacaq. Dəyişiklikdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün təxminən il ərzində 10 milyon manat vəsait tələb olunur”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər