Modern.az

Ədliyyə Nazirliyində adlar və soyadlar məsələsi müzakirə edilib, konkret göstərişlər verilib

Ədliyyə Nazirliyində adlar və soyadlar məsələsi müzakirə edilib, konkret göstərişlər verilib

Ölkə

2 İyun 2011, 10:15


Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə,  iclasda ölkə başçısı tərəfindən mayın 26-da imzalanmış və 90 nəfərə şamil olunmuş əfv sərəncamının icrasından danışılıb.

Bildirilib ki, bütövlükdə ölkəmizdə qəbul edilmiş 49 əfv aktı 5200-dən çox şəxsi əhatə edib.

Kollegiyada ölkə Prezidentinin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair 23 may 2011-ci il tarixli fərmanının icrası müzakirə olunub, müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi, internet saytda elektron xidmətlərlə bağlı xüsusi bölmənin yaradılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə dair işlər qeyd olunmuş, əlavə tapşırıqlar verilib. Ədliyyə orqanlarında tətbiq olunması üçün proqramlaşdırılmış elektron xidmətlər köşkünün təqdimatı keçirilib.

Həmin köşk vasitəsilə notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı qaydalarına dair məlumatların dərhal əldə olunması, bütün növ ödənişlərin elektron qaydada aparılması, nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciətlərin edilməsi mümkün olacaq. Bununla da şəffaflığın artırılmasına və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, inzibati işçilərlə bilavasitə təmasın minimuma endirilməsinə, habelə vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəlməsinə nail olunacaq.

İclasda həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair ötən ay Avropa ədliyyə nazirlərinin konfransında qəbul olunmuş İzmir Bəyannaməsinin implementasiyası müzakirə olunub. Avropa Məhkəməsinin fəaliyyətində çətinliklər, müraciətlərin sayının kəskin artaraq 140 minə çatması və onların baxılması üçün uzun illərin tələb olunması qeyd edilib. Azərbaycandan daxil olan ərizələrin sayı Avropa üzrə orta rəqəmdən 2 dəfə az olsa da, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair əlavə tədbirlərin görülməsi bildirilib. Kollegiyada dövlətdaxili müdafiə vasitələrinin gücləndirilməsi, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, Avropa Məhkəməsi presedent hüququnun tətbiqi və bu barədə maarifləndirmənin genişləndirilməsi və s. tədbirlər müəyyən olunmuş, zəruri tapşırıqlar verilib.

Eyni zamanda, cəmiyyətdə aktual olan digər məsələ - Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş adın və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydaların tətbiqindən irəli gələn vəzifələr müzakirə olunub, konkret göstərişlər verilib.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər