Bu gün orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanlarına start verildi. Təhsil Nazirliyinin Monitorinq və qiqmətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir.
İyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları keçirilir.
Respublikanın bütün ümumtəhsil məktəblərində ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılır.
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə digər rayon və şəhərlərdə buraxılış imtahanları aşağıdakı tarixlərdə keçiriləcək:
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 04 iyun 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 2011-ci il tarixində;
- Bakı şəhərində 17 iyun 2011-ci il tarixində;
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək.
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tarixində Bakı şəhərində keçiriləcək.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Modern.az