Azərbaycanda da hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Amma hansı xəstəlikdən nə qədər insanın öldüyü barədə ictimayət dəqiq məlumata malik deyil. Müşahidələr göstərir ki, son vaxtlar bəzi xəstəliklər xeyli cavanlaşıb və onlardan ölənlər daha çoxdur. Məsələn, Azərbaycanda ölüm hallarının yarısı ürək-damar xəstəlikləri səbəbindən baş verir.
Dövlət Statistika Komitəsi Modern.az saytının sorğusuna cavab olaraq əsas xəstəliklər sinfinə daxil olan xəstəliklər səbəbindən ölənlərin statistikasına aid məlumat verib.
Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, 2010-cu ildə qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar) ölən insanların sayı digər xəstəliklərdən dünyasını dəyişənlərlə müqayisədə üstünlük təşkil edib. Belə ki, bir il ərzində qan dövranı sisteminin xəstəliklərindən 32554 nəfər dünyasını dəyişib. Bu, əhalinin hər 100 min nəfərinə hesabı ilə 364 ölüm deməkdir.
Şəkərli diabet xəstəliyindən 1060 nəfər (hər 100 min nəfərdən 12-si), böyrək çatışmazlığı xəstəliyindən 428 nəfər (hər 100 min nəfərdən 5-i), bədxassəli şişlərdən 6616 nəfər (hər 100 min nəfərdən 74-ü), vərəm xəstəliyindən 709 nəfər (hər 100 min nəfərdən 8-i), qaraciyər xəstəliyindən 2731 nəfər (hər 100 min nəfərdən 31) dünyasını dəyişib.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatda hazırda bu xəstəliklərdən müalicə-profilaktika müəssisələrində qeydiyyatda olanların sayı da göstərilib. Bildirilib ki, xəstələr arasında qan dövranı sisteminin xəstələri daha çoxdur. Belə ki, 258800 nəfər qan dövranı sisteminin xəstəsi kimi qeydiyatdadır.
Digər xəstəliklərdən qeydiyyatda olanların sayına gəlincə xroniki böyrək çatışmazlığından 2610 nəfər, şəkərli diabetdən 12195 nəfər, bədxassəli şişlərdən 2852 nəfər, aktiv vərəmdən 12 469 nəfər, həzm sistemi xəstəliklərindən 144619 nəfər qeydiyyatdadır.
Bu da öz növbəsində əhalinin hər 100 min nəfərindən 2878 nəfərində qan dövranı xəstəliyi olduğunu deməyə əsas verir. Əhalinin hər 100 min nəfərindən 29-u xroniki böyrək çatışmazlığı, hər 100 min nəfərdən 1347-si şəkərli diabet, hər 100 min nəfərdən 312-si bədxassəli şiş, hər 100 min nəfərindən 139-u aktiv vərəm, hər 100 min nəfərindən 1608-i həzm sistemi xəstəsidir.
Sədaqət Süleymanova