İyunun 7-də Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Dövlət başçısı İlham Əliyev açılış mərasimində nitq söyləyib.
«Ümid edirəm ki, «Cənub qaz dəhlizi» reallaşacaq və Azərbaycan «Şahdəniz»dən əldə etdiyi qazı Avropa bazarına ötürəcək. «Şahdəniz»in ikinci stadiyasının işə düşməsi üçün «Cənub dəhlizi» əsas olacaq. Bu, həm də Azərbaycanla Avropanın münasibətlərinin yeni mərhələsi olacaq».
Dövlət başçısı qeyd edib ki, 1995-ci ildən Azərbaycanın iqtisadiyyatına 97 milyard dollar sərmayə yatırılıb. Bunun 42 milyard doları neft-qaz sahəsinə yatırılıb. Onun da əksəriyyəti xarici sərmayədir.
Azərbaycanda neft pullarından səmərəli istifadə edildiyini deyən İlham Əliyevin fikrincə, 1999-cu ildə yaradılan Azərbaycan Dövlət Neft Fondu dünyada ən şəffaf qurumlardan biridir. Məhz bu vəsaitlərin hesabına Azərbaycanda yoxsulluq 49 faizdən 9 faizə enib.
Qaz məsələlərindən danışan prezident bildirib ki, «Şahdəniz»in kəşfi dünyada qaz məsələlərinə ciddi təsir edib:
«İndi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ölkəsi kimi tanınır. Vaxtilə «Şahdəniz» yatağının kəşfi diqqəti cəlb etməmişdi, amma indi dünyada bu yatağa böyük maraq var. Azərbaycan qaz dəhlizlərinin də şaxələndirilməsinin tərəfdarıdır və bu sahədə işləyir. Hazırda Azərbaycan qazı 4 istiqamətdən dünya bazarına çıxarılır. Azərbaycanın əsas ixrac neft-qaz kəmərlərinin sayı 7-yə çatır. Bizə qanunlarla tənzimlənən böyük bazarlar lazımdır».
İlham Əliyev bəyan edib ki, hazırda Azərbaycanın qaz ehtiyatı 2.2 trilyon kubmetrə bərabərdir:
«Bu, ən azı 100 il bizə və istehlakçılara kifayət edəcək. Proqnozlarımız isə daha çoxdur».
ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çıxış edərək Bakının gündən-günə gözəlləşdiyini və burada olmağından məmnunluğunu bildirib. R.Morninqstar ABŞ Prezidenti Barak Obamanın XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxuyub.
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun tədbirin iştirakçılarına təbrikini çatdırıb.
Qonaqları salamlayan Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç isə bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın neft, qaz sərgi konfransı iştirakçılarına təbrik məktubunu oxuyub.
“Eurovision-2011” mahnı müsabiqəsindəki qələbədən məmnunluğunu bildirən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger bu zəfər münasibətilə Azərbaycanı təbrik edib. Bu gün Almaniya-Azərbaycan futbol oyununun keçiriləcəyini xatırladan komissar Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın tək musiqi və yaxud futbolla məhdudlaşmadığını qeyd edib. Hər iki tərəfin energetika sahəsində əməkdaşlıq etdiyini deyən Ottinger bu istiqamətdə Azərbaycanın mühüm rolunu diqqətə çatdırıb.
Daha sonra Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun tədbir iştirakçılarına müraciəti oxunub.
Sərgidə iştirakdan məmnun olduğunu deyən Norveç Krallığının Vəlihədi Hookon Norveç ilə Azərbaycanın zəngin neft ehtiyatlarına malik olduğunu qeyd edərək Dövlət Neft Şirkəti ilə Statoil-un uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. “Cənub” qaz dəhlizində Azərbaycanın xüsusi rolunu diqqətə çatdıran Hookon ölkəmizdə neft hasilatının qədim tarixə malik olduğunu vurğulayaraq, neftdən əldə olunan gəlirlərin idarə olunmasında şəffaflıq və uzunmüddətlilik siyasətinin həyata keçirilməsinin vacibliyini bildirib.
Sonra Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Xəzər bölgəsi neftinin Avropa və dünya bazarlarına çıxarılmasında şaxələndirmənin önəmini qeyd edən Aleksandr Xetaquri bu istiqamətdə əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.