Sabiq səfirlərin diplomatik karyerası bitib, bitməyib..?
“Azərbaycanın Belarus və Tacikistandakı geri çağırılmış səfirlərinin, İstanbuldakı sabiq konsulun yenidən vəzifəyə təyin edilməsi birbaşa Prezidentin səlahiyyətində olan məsələdir. Odur ki, geri çağrılan diplomatların yenidən diplomatik vəzifəyə qayıtmaları ilə bağlı bir söz deyə bilmərəm”.
Bu sözləri Modern.az açıqlamasında Xarici İşlər Naziriliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Əli Nağıyev, Məhərrəm Əliyev və Səyyad Aranın sonrakı diplomatik taleyi ilə bağlı məsələni şərh edərkən bildirib.
E. Poluxov bildirib ki, onların hər üçü “XİN-in ehtiyat siyahısında yer alıb”. XİN sözçüsü həmçinin qeyd edib ki, Əli Nağıyev, Məhərrəm Əliyev və Səyyad Aran fövqaladə və səlahiyyətli səfir rütbəsini saxlayıblar.
Qeyd edək ki, ölkənin siyasi spektrində yeri olan bir neçə şəxslərin sonradan diplomatik işə keçməsi Azərbaycan reallığının bir nümunəsi kimi diqqətçəkən faktlardandır. Son 10 il ərzində üzdə olan bir sıra şəxslər tutduqlar məsul dövlət postlarından götürülərək xarici ölkələrə səfir göndəriliblər. Bunlara misal olaraq sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Milli Məclisin keçmiş üzvü Səyyad Aran, Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyev, MTN-in keçmiş şefi Namiq Abbasov, sabiq baş prokuror Eldar Həsənov və digərlərini göstərmək olar.
Vaxtilə yüksək dövlət postu tutan, sonradan ayrı-ayrı ölkələrə səfir və konsul göndərilən Əli Nağıyev, Məhərrəm Əliyev və Səyyad Aran Prezident İlham Əliyevin sərəncamı ilə artıq diplomatik işdən geri çağrılıb.
2005-ci ildən Belarusa səfir təyin edilmiş Əli Nağıyev, 2006-cı ildə İstanbula konsul təyin edilmiş Səyyad Aran və 2007-cı ildən Tacikstana səfir göndərilən Məhərrəm Əliyev Bakıdadırlar.
Məhərrəm Əliyev istisna olmaqla digər iki şəxs 90-cı illərdə Azərbaycanın ictimai-siyasi həyatında tanınmış şəxslər olub. Yeni Azərbaycan Partiyasının yaradıcılarından sayılan Əli Nağıyev və Səyyad Aran partiyanın “qızıl fondu” elan edilmiş “91-lərdən” dir.
Xaqani Səfəroğlu