Alimlərimiz nikbindir: sən demə ölkədə elmlə məşğul olub, qazanc əldə etmək mümkündür
Onlar hesab edir ki, elmlər doktoru elm adamı demək deyil, ilk növbədə gərək onun imzası olsun
“Sürət əsri” adlandırılan çağdaş dövrümüzdə qazanc sahələri əsas diqqət yetirilən məsələyə çevrilib. Əgər məşğul olduğun iş qazanc gətirmirsə, necə deyərlər “çörəyə çatdırmırsa” ətrafın buna münasibəti birmənalı olmur. Odur ki, sahibkarlıq, biznes, prestijli vəzifələr gənclərin can atdığı əsas sahələrə çevrilib. Bütün bunların fonunda isə elm və elm adamları bir qədər fərqli təsir bağışlayır. İndi sən əgər hər hansı bir arxivin küncünü qurdalayırsansa, ehtiraslı şəkildə ətrafındakı dostlarına elmin yüksək nəticələrinin gətirdiyi zövqdən danışırsansa, o zaman bu o qədər də anlayışlı qarşılanmır. Bunun səbəbi var: Azərbaycanda son illərin hakim mövqeyinə çevrilmiş “elmlə məşğul olmaq qazanc gətirmir” tezisi burada özünün ciddi rolunu oynayıb. Doğurdanmı elmlə məşğul olub ailəyə çörək qazanmaq olmur?
Sovet dönəmində professor, dosent, elmi işçi rütbələri daşıyan şəxslər cəmiyyət içində seçilir, yüksək nüfuza sahib olur, elə qazancları da pis olmurdu - həm maddi, həm də mənəvi cəhətdən…
Maraqlıdır elm adamları indi nə düşünürlər? 21-ci əsrdə yalnız elmlə məşğul olmaqla, elm sahəsində çalışmaqla yaşamaq, qazanc əldə etmək, ailə dolandırmaq mümkündürmü?
Modern.az-ın əməkdaşı suallara müxtəlif elm dərəcələrində olan insanlardan cavab almağa çalışıb.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, professor Hətəm Quliyev hesab edir ki, söhbət həqiqi alimdən gedirsə, bu mümkündür. “21-ci əsr hələ yeni başlayıb. 100 illik gələcək tarix barədə indidən danışmaq tezdir. Amma indiki zamanda, təkcə bu alimlərə deyil, elə hamıya aiddir, hesab edirəm ki, kimin başı varsa və yaxşı işləyirsə, öz sahəsində işləməklə o yaşaya bilər. Burda söhbət həqiqi alimdən gedir” .
Professor bildirib ki, əgər elmi işçi həqiqi alimdirsə, demək onun problemləri yoxdur. “İndiki zamanda elmlə məşğul olub yaşamaq, qazanc əldə etmək mümkündür, amma burda söhbət həqiqi alimdən gedir. Amma adı sadəcə elmi işçi, alim olan, heç nə etməyənlərə isə bu aid deyil”.
Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, dosent İlham Tahirov yalnız elmlə məşğul olmaqla yaşamağın mümkün olduğunu bildirib. Dosentin sözlərinə görə, bu ilk növbədə bacarıqdan aslıdır.
“İndi o qədər yeni sahələr var ki, orda elmlə məşğul olmaqla dolanışığı təmin etmək, həm də ölkəyə qazanc gətirmək mümkündür. Elm sahibi hər bir sahədə yeni yanaşma üsulları ilə işlədiyi təşkilatın, özündən yuxarı instansiyasının, ölkənin maraqlarına kömək edə, həm də yaxşı yaxşı yaşaya bilər. Məsələn, neft sahəsində patentlər, ixtiralar, fizika sahəsində alimlərin müxtəlif zavodlarla bağladığı müqavilələr elm insanlarına yaxşı qazanc əldə etməyə imkan verir”.
Elmi katib hesab edir ki, sırf elm sahəsinə aid müxtəlif layihələr, qrantlarla şəraitini yaxşılaşdırmaq mümkündür.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, filologiya elmləri namizədi Sevinc Əliyeva yalnız elmlə məşğul olmaqla qazanc əldə etməyin ilk növbədə elmin gücündən və hansı elmi sahə ilə məşğul olmaqdan asılı olduğunu bildirib.
“İnsanlar var ki, elmlər namizədi, fəlsəfə doktoru diplomunu alıblar, amma elmin dalınca getmirlər və deyirlər ki, “o diplom mənə nə verdi?”. Burda təkcə diplom söhbəti deyil, gərək həmin insanın elmdən başı çıxsın, ixtiraları olsun, dayanmadan işləsin, onun məqalələri, xaricə çıxışı olsun”.
Filologiya elmləri namizədi hesab edir ki, hər elmlər namizədi, elmlər doktoru elm adamı demək deyil, ilk növbədə gərək onun imzası olsun.
“Şəxsən mən elm dalınca getməkdən peşman deyiləm, hətta bu elmi davam etdirmək istəyirəm və bilirəm ki, elmdən də qazancım çox olub. Əgər mən bu gün elm sahəsində işləyirəmsə, xarici konfranslarda gedib çıxış edirəmsə, bunlar hamısı mənim elmlər namizədi olmağım sayəsindədir və bunu elm mənə verir. Gərək elmə verəsən ki, elmdən də alasan. Buna görə də, mən təkcə namizədliklə də kifayətlənməyəcəm, doktor da, müxbir üzv də, akademik də olmaq istəyirəm” deyən S.Əliyeva bütün bunları özünün elmin fanatı olması ilə əsaslandırıb.
Aytən ƏLİYEVA