Millət vəkili Məlahət İbrahimqızı: "Şəhərin bir çox yerlərində Qarabağla bağlı reklam şitləri yerləşdirilməlidir"
“Avroviziya 2011"də qalib gəlməklə bütün dünyanın diqqətini özünə çəkən Azərbaycan Respublikası ölkə həqiqətlərinin beynəlxalq aləmə daha yaxşı çatdırlması üçün əlverişli fürsət qazanıb. Zarafat deyil, gələn il dünyanın müxtəlif ölkələrindən Azərbaycana böyük bir jurnalist ordusu gələcək, respublikamıza turist axını olacaq. “Avroviziya 2012" ərəfəsində Azərbaycan 80 - 100 milyon əcnəbinin diqqət mərkəzinə düşəcək. Bax o zaman ölkəmizdən, xüsusilə paytaxt Bakıdan hazırlanacaq çeşidli reportajlar dünyanın müxtəlif KİV-ləində - TV, radio, qəzet, jurnal, internet mediasında - işıqlandırılacaq. Bu təbliğat zamanı çalışmalıyıq ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mümkün qədər çox iş görək.
Məsələn, əcnəbilərin diqqətini Bakının müharibə aparan ölkənin paytaxtı olmasını özündə əks elətdirən təbliğat vasitələrinə – küçə reklamlarına yönəldə bilərik. Amma gəlin görək Bakıda belə reklam lövhələri varmı...?
Təəsüflə “yox!” deməyə məcburuq.
Elə millət vəkili Məlahət İbrahimqızı da bundan narahatdır. Deputat Modern.az-a açıqlamasında deyib ki, bu gün ölkənin bütün sahələrində böyük inkişaf müşahidə olunur.
“Bu nailiyyətlər o qədərdir ki, bəzən saatlarla danışmaq olar. Təkcə Bakı şəhərinə baxdıqda, onun mənzərəsini seyr etdikcə bir azərbaycanlı kimi qürur hissi keçirirsən. Əlbəttə bütün bunlar ölkə başçısının , şəxsən möhtərəm prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində baş verib. Əlamətdar haldır ki, bütün bu işlər bu gün də davam edir. Bu inkişafın nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı ildən ilə artır. Paytaxtımız olan Bakı şəhəri eyni zamanda gündən-günə daha çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizin dünyada imici daha da artır. Yaranmış bu imkan bizə millətimizi, xalqımızı , dövlətimizi, eləcə də uzun illərdir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində üzləşdiyimiz bir sıra problemlərin Qarabağ həqiqətlərinin təbliğ olunmasına bir fürsətdir”.
M.İbrahimqızının sözlərinə görə, bu gün hər bir azərbaycanlının ən ümdə məsələsi Qarabağ həqiqətlərinin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqdır.
”Çox təəssüf ki, Bakı şəhərinin heç bir yerində Qarabağ işğalını əks etdirən bir reklam şiti yoxdur. Əgər olsaydı, bu həm də gənclər arasında vətənpərvərlik hissinin və tərbiyəsinin artırılmasında da çox müsbət təsir göstərərdi. Şəhərdə hər cürə reklam şitlərinə rast gəlmək olar. Bəziləri heç xalqimizin mentalitetinə də uyğun deyil. Hesab edirəm ki, şəhərin bütün giriş qapılarında - yollarında, turistlərin və əhalinin çox toplaşdığı yerlərdə Qarabağla bağlı, işğal altında olan rayonlarla bağlı müxtəlif reklam şitləri yerləşdirilməlidir. Bakıda Heydər Əliyev Fondunun sosial reklamlarından başqa, hər cür lazımsız reklamlar var”.
Deputat “Qarabağla bağlı reklam şitləri bütün rayonlarda, eyni zamanda ölkəmizin də bütün giriş qapılarında olmalıdır”.
”Biz mediada Qarabağla bağlı verilişlərin yetərli olmadığını tez-tez səsləndiririk, çox təəssüf ki, bütövlükdə ölkəmizdə belə reklamların olmamasına laqeydlik və məsuliyyətsizlik edirik. Bu işlər bütövlükdə hər birimizin məsuliyyəti hesab olunmalıdır”-deyə M.İbrahimqızı vurğulayıb.
Yeri gəlmişkən, Söz Azadlığını Müdafiə Fondunun bir müddət öncə apardığı monitorinqlər göstərib ki, Bakıda reklam lövhələrinin 37%-i ingilis, 11%-i türk dillərində yazılıb, 18%-də isə rus sözlərinin latın qrafikası ilə yazıldlğı aşkarlanıb.
Azərbaycan dilində olanların isə əksəriyyəti ya başayaq yazılıb, ya da qrammatik səhvlərlə doludur. Bütün bunlar “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulması deməkdir.
Bəlkə də reklamlarla bağlı bu qanun pozuntularına loyal yanaşmaq olardıı, o halda ki, onların heç olmasa müəyyən qismi hərbi-vətənpərvərlik təbliğatına, Qarabağın işğalına aid olaydı. Məsələn, ingilis, ya da rus dillərində Qarabağ həqiqətlərini özündə əks etdirən reklam lövhəsinə dövlət dilinin tələblərinin pozulmasına görə kim irad tutar ki…
Amma hardadı belə lövhələr… Heç barmaqla da saya bilmərik...
Bu işə bilavasitə cavabdeh olan Bakı Şəhər Icra Hakimiyyətinin Reklam və İnformasiya Departamenti isə susur, cavab vermək istəmir. Deyəsən bu qurumu hərbi vətənpərvərliyə, Qarabağa aid reklam lövhələri deyil, hansısa içkiyə, şokolada həvəsləndirən, ticarət və iaşə obyektinə “gəl-gəl” deyən elanlar düşündürür.
Adəm Qorxmaz