Bu ilin yanvarda xalq üsyanı nəticəsində devrilmiş və ölkədən qaçmış Tunis prezidenti Zeynəlabdin Bin Əlinin həyat yoldaşı, “qorxunc imperatoriçə” ləqəbli sabiq birinci ledi Leyla Trabelsi barədə yeni məlumatlar açıqlanıb.
Modern.az-ın məlumatına görə, Tunisin keçmiş birinci xanımı haqqında yeni bilgiləri onun 23 illik xidmətçisi açıqlayıb. Xidmətçi bu barədə “Bir kraliçanın kölgəsində” adlı xatirələr kitabında bəhs edib. Xidmətçi xalq inqilabıyla dağılan sarayın çirkli ilişkilərini qələmə alıb.
”Hər şeyi gözlərimlə görürdüm” deyən xidmətçi Lütfü Bin Şruda yazır ki, keçmiş birinci ledi Leyla Trabelsi ailəsi xaricində kimsəni sevmirmiş, insanlara həddindən artıq kin bəsləyirmiş.
”O, hətta ilə də xidmətçilərlə davrandığı kimi, kölə kimi davranırdı. Cadu, silah, narkotik və sui-qəsdlər sarayın gündəlik həyatının bir parçası idi”-deyə xidmətçi yazır.
23 illik xidmətçi onu da yazır ki, Leyla Trabelsi öz əri Bin Əliyə belə sadiq deyildi, prezidenti istədiyi kimi idarə edə bilmək üçün ona qara cadu etdirirmiş. Fitnə-fəsada möhkəm inanan Leyla Trabelsinin ölkəni idarə etmək üçün də cadudan eninə-boluna faydalandığı qeyd edilir.
Xidmətçi Şruda yazır ki, eks-birinci xanım öz sarayına Mərakeşdən, Seneqaldan və Malidən qara magiya ilə məşğul olan cadugərlər gətizdirirmiş. Yalnız sarayı deyil, ölkəni də o cadugərlərin caduları ilə idarə etməyə çalışırmış:
”Prezident Bin Əli evdə də, Tunisdə də heç bir gücü olmayan bir siluetdən ibarət idi. Saraydan kənara tək bir söz çıxaran şəxsi ya həbsxana, ya da məzarlıq gözləyirdi. Bunu bütün xidmətçilər çox qorxardılar. Leyla Trabelsi heç kimə acımazdı, çox qəddar idi”.
Leylanın inqilabdan sonra Kanadaya qaçan qardaşı Belhasan Trabelsinin böyük bir gücə sahib olduğunu yazan 23 illik xidmətçi belə davam edir: “Belhasanın kəsdiyi başa sorğu-sual yox idi. Kimin evini istəsəydi, ictimailəşdirir və ya əl qoyurdu. Hər şey onların idi, nə istəyirlərsə, alıb götürürdülər”.
Xidmətçi Şruda xatirələrində yazır ki, Leyla Trabelsi bəzi heyvanları, xüsusilə buqələmunları yandıraraq sarayın hər tərəfinə qara cadu etdirirmiş.
”Prezident bəzən xanımından gizlincə xəzinədən pul çəkər, ancaq bizdən saxlamazdı, bunu həyat yoldaşına söyləməməmizi istəyərdi. Bizim maaşlarımız kağız üzərində şişirdilmişdi, amma bizə səfalət ödənişi ödənərdi”.
Xidmətçi qeyd edir ki, bəzən president Bin Əli xəstələnirmiş və belə hallarda Leyla Trabelsi həkim diaqnozundan öncə saray mətbəxində çalışanlara qan uddururmuş, onları prezidenti zəhərləməkdə günahlandırırmış.
Leyla Trabelsini çox yaxşı tanıdığını vurğulayan xidmətçi Şruda belə deyir: "İndi əminəm ki, o, çox böyük bir ağrı-acı çəkir. İşgəncə etdiyi, gələcəklərini qaraltdığı insanların bir gün qiyam edəcəyini heç gözləmirdi. Heç vaxt taxt-tacdan düşməyəcəkmiş kimi yaşayırdılar”.
”Mən xatirələrlə dolu bu kitabımı Tunisi işgəncə saçan hakimiyyətdən xilas edənlərə həsr edirəm" deyə Şruda yazıb.
Şrudanun xatirələrini qələmə almaq üçün nəşriyyatdan 600 min avro aldığı bildirilir.
Xatırladaq ki, 23 ilk hakimiyyətdə qalmış Tunis prezidenti Bin Əli etirazlar dalğasına tab gətirməyib ölkədən qaçmalı olub. Məlumata görə, keçmiş birinci xanım, 53 yaşlı Leyla Trabelsi ölkədən qaçanda Milli Bankın 1.5 ton qızılını da özüylə aparıb.
Bin Əli ölkədən qaçan kimi üsyançı xalq qisas məqsədilə sabiq prezidentə, onun arvadına və qohumlarına məxsus villaları, biznes obyektləri talan edib, yandırıb.
Bin Əli Tunis müstəqillik qazanandan bəri ölkənin ikinci prezidenti idi.
hazırladı Adəm Qorxmaz