AKP təkbaşına iqtidar olacaq
Türkiyədə iyunun 12-də keçirilən növbəti parlament seçkiləri baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsiylə yekunlaşıb. Modern.az xəbər verir ki, bu qələbə sayəsində AKP Türkiyə Böyük Millət Məclisində 326 millət vəkili yeri qazanıb.
İkinci yeri tutan Kamal Kılıcdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) Böyük Millət Məclisinə 135 millət vəkili keçirə bilib.
Seçkilərdə üçüncülük qazanan Dövlət Baxçalının Milliyətçi Hərəkat Partiyasından (MHP) isə 54 namizəd millət vəkili seçilib.
Müstəqil namizədlərdən isə 35 nəfər Türkiyə Böyük Millət Məclisinə keçə bilib.
Səslərin 99,73%-i hesablanarkən nəticələr belədir:
AKP - 49,89%
CHP - 25,96%
MHP - 13,01%
Müstəillər - 6,63%
AKP-nin qalib gəldiyi rəsmiləşəndən sonra baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə münasibətilə tərəfdarları qarşısında çıxış edib. Hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi ofisi önündəki çıxışında Ərdoğan türk xalqının və demokratiyanın qalib gəldiyini bildirib. Onun sözlərinə görə, bu seçkilərdə Türkiyədə səsvermə hüququ olan hər iki nəfərdən biri Ədalət və İnkişaf Partiyasına səs verib.
CHP lideri Kamal Kılıçdaroğlu isə verdiyi açıqlamada "seçkidə millət vəkili sayını artıran tək partiya CHP-dir. 6 ay kimi qısa bir müddətdə CHP 3,5 milyon yeni seçici qazanmışdır. Buna görə əhvalımızı pozmayacağıq" deyib.
Modern.az