Modern.az

Sularda Xilasetmə Xidməti çimərliklərdəki qadağaları elan edib

Sularda Xilasetmə Xidməti çimərliklərdəki qadağaları elan edib

15 İyun 2011, 12:25

İyunun əvvəlindən Azərbaycanda çimərlik mövsümünə rəsmən start verilib. Havalar istiləşdikcə, dənizkənarı istirahət məkanlarına axışanların da sayı artır. Artıq yeni çimərlik mövsümündə xeyli ölüm-itim də var.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti su hövzələrindəki çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin qorunması üçün qaydalar müəyyənləşdirib. Hazırda idarənin 42 struktur bölməsi fəaliyyət göstərir.
Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat-təşkilat sektorundan bildirilib ki, 2011-ci ilin yay çimərlik mövsümündə vətəndaşların sularda təhlükəsizliyini təmin etmək üçün maarifçilik tədbirlərinin miqyası genişləndirilib, müxtəlif təhsil ocaqları ilə yanaşı əhalinin kütləvi toplaşdığı yerlərdə, sərnişin nəqliyyat vasitələrində, eyni zamanda respublikanın diğər rayon və şəhərlərində sularda təhlükəsizlik və davranış qaydalarını əks etdirən lövhələr, plakatlar və broşürlər paylanılıb.

“Ötən illərin statistikasına nəzər yetirsək görərik ki, su hövzələrində boğulanların əksəriyyəti yeniyetmə - gənclər və məktəbyaşlı uşaqlardır. İlk növbədə unutmaq olmaz ki, uşaq və yeniyetmələrin çimərliyə valideyinsiz gəlmələri və ya suya nəzarətsiz daxil olmaları ilkin təhlükə yaradan amildir. Eyni zamanda uşaqların çimərlik ərazisində qoyulan tələblərə, qaydalara əməl etməmələri həm onların, həm də digər istirahət edən vətəndaşların həyatını təhlükə qarşısında qoyur. Çimərlikdə fəaliyyət göstərən xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymayan uşaqlar həm də onların fikirlərini cəlb etməklə görüləcək təhlükəsizlik tədbirlərinin də keyfiyyətini aşağı salır. Təəssüflər olsun ki, bəzən üşaqları ilə çimərliyə gələn valideyinlər sonradan oz istirahətlərinə aludə olub uşaqları unudurlar. Çimərlik ərazisində spirtli içki qəbul edən və ya sərxoş vəziyyətdə çimərliyə gələn insanları da real təhlükə mənbəyi hesab etmək olar”-deyə Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat-təşkilat sektorundan bildirilib.

Dövlət Sularda Xilasetmə Xidməti çimərliklərdəki qadağalar barədə məlumat verib. Qadağalar bunlardır:

• Çimmək üçün ayrılmamış yerlərdə çimmək;
• Çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək;
• Su axınlarından sahildən 20 m-dən artıq məsafəyə üzmək (uzaqlaşmaq)
• Müxtəlif növ gəmi, qayıq, sal, barja, körpü və debarkaderlərə, digər texniki qurğulara
üzüb yanaşmaq;
• Texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və bakenlərin üstünə çıxmaq;
• Körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq;
• Xüsusi təyinatlı vasitələrə (hava ilə doldurulan jilet və döşəkləri) aid edilməyən üzən cisimlərdən istifadə etmək;
• Gəmiçiliyə yararlı su axını və su tutarlarına üzüb keçmək;
• Spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək;
• Suda kobud hərəkətlərə yol vermək
• Sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək;
• Çimmə zonasında balıq ovlamaq;
• Gecələmək, həmçinin fırtınanın yaxınlaşması, küləyin 5 bala qədər, dalğalanmanın isə 3 bala artması xəbərdarlığından sonra çimərlikdə qalmaq.

Rəsmi məlumata görə, Fövqəladə Hallar Nazirliyi yaranan gündən etibarən bu mövsümədək suda batmaq təhlükəsi ilə üzləşmiş 2314 nəfər vətəndaş xilasedicilər tərəfindən xilas edilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələrinə görə, Sumqayıt, Sahil qəsəbəsinin “Sahil” və “Şıx” çimərliklərindən başqa digər sahilyanı istirahət məkanları yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Adəm Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər