Modern.az

Bu il 3 uşaq əcnəbilərə övladlığa verilib

Bu il 3 uşaq əcnəbilərə övladlığa verilib

11 İyul 2011, 12:07

2011-çi ilin birinci yarısında Azərbaycandan əcnəbilərə 3 azyaşlı uşaq övladlığa verilib. Onlardan 2-ni Rusiya Federasiyasının vətəndaşları, 1-ni isə Fransa vətəndaşı övladlığa götürüb. Bu barədə məlumatı Modern.az saytına Ailə, Qadın və Uşaq Preoblemləri üzrə Dövlət Komitəsinin hüquq təminatı şöbəsinin ölkələrarası övladlığa götürmə sektorunun baş məsləhətçisi Seymur Məmmədov verib. Onun sözlərinə görə, hazırda övladlığa uşaq götürmək istəyən xariçi vətəndaşlar da var. Onlar əsasən ABŞ, Rusiya, Fransa, İsveçrədən olan əcnəbilərdir.
“Hazırda bir sıra ölkələrin vətəndaşları növbəyə durub ki, övladlığa uşaq götürsün. Onların işi sentyabr ayında yekunlaşacaq”-deyə komitə rəsmisi əlavə edib.

Övladlığa verilən uşaqların sağlam olub-olmamasına gəlincə, S.Məmmədov bildirib ki, hər 3 uşaq yüngül qüsurlu olub. Onun sözlərinə görə, uşaq övladlığa götürmək istəyən ailələr ağır qüsurlu uşaqları övladlığa götürməkdən çəkinirlər. ”Ağır qüsurlu uşaqların müalicəsi çətin olduğu üçün ailələr onları övladlığa götürmək istəmirlər. Çünki onların müalicəsi bəzən xaricdə də mümkün olmur”.

2007-ci ilin əvəlindən başlayaraq Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi qaydaları sərtləşdirilib. Həmin vaxtdan başlayaraq Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi məsələsilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2010-cu ildə cəmi 2 azyaşlı uşaq əcnəbi ailələrə övladlığa verilib.

Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, 2005-2009-cu illərdə 70 uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə övladlığa verilib. Onlardan 9 uşaq 1 yaşadək, 35 uşaq 5 yaşadək, 15 uşaq 6-10 yaşında, 11 uşaq 11-17 yaşlarında olub.  
Həmin illər ərzində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə övladlığa verilən azərbaycanlı uşaqlardan 48-i qızlardır.

Əcnəbi ailələrin azərbaycanlı uşaqları övladlığa götürmə prosesi belədir:

Daxili övladlığa götürmə prosesinə 3 yaşına qədər Səhiyyə Nazirliyi, 3 yaşından yuxarı isə Təhsil Nazirliyi nəzarət edir. Ölkələrarası övladlığa götürməyə isə birbaşa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. Xarici ölkənin vətəndaşı Azərbaycandan uşaq övladlığa götürmək istəyirsə, yaşadığı ölkənin ölkələrarası övladlığa götürmə ilə məşğul olan mərkəzi orqanına müraciət edir. Orada sənədlər yığılır, Azərbaycan dilinə tərcümə olunur və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilir. Həmin sənədlərdə müraciət edən vətəndaşın maddi, ailə, hüquqi vəziyyəti və s. məsələlər öz əksini tapmalıdır. Çatışamayan sənədlər olduqda bu, onlardan tələb edilir. Bundan sonra övladlığa götürülən uşaqla bağlı aid olduğu rayonun İcra Hakimiyyəti yanında Qəyyumluq komissiyasının rəyi alınır. Bütün bunlar ümumiləşəndən sonra isə komitə tərəfindən rəy hazırlanır və məhkəməyə göndərilir. Sonda məhkəmədə həmin uşağın övladlığa verilməsi ilə bağlı qərar qəbul edilir.

Dövlət Komitəsində deyirlər ki, əcnəbi ailələrə verilən uşaqlar onlardan öncə övlad istəyən növbədəki azərbaycanlı ailələrə göstərilirlər.
“Əcnəbi ailələrə verilən uşaqlar azərbaycanlı ailələr tərəfindən bəyənilməyən və qəbul edilməyən uşaqlar olur. Onların bir çoxunun fiziki qüsuru və ya ciddi xəstəlikləri olur. Azərbaycanlı ailələr də yalnız sağlam uşaqları övladlığa götürmək istəyirlər. Əcnəbi ailələr həmin uşaqları övladlığa götürüb, onların müalicəsi ilə məşğul olur və onlara normal həyat tərzi verirlər”.

Sədaqət Süleymanova

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər