Cavablar açıqlandı, ballar aşağı salındı
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 10-da keçirilmiş qəbul imtahanının nəticələri iyulun 12-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
( Nəticələr burada - //www.tqdk.gov.az/ali2011net/)
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, I ixtisas qrupu üzrə imtahanda sənəd verənlərdən 959 nəfər iştirak etməyib. İmtahanda iştirak edən 32564 abituriyentdən 65 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 9513 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 4 nəfər maksimal nəticə-700 bal toplayıb.
I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
I ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilmişdir.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.
Modern.az