Modern.az

"Bakı tikiş evi”nin direktoru: "Vahid məktəbli geyiminin qiymətində endirimlər olacaq" (FOTOLAR)

"Bakı tikiş evi”nin direktoru: "Vahid məktəbli geyiminin qiymətində endirimlər olacaq" (FOTOLAR)

13 İyul 2011, 12:37

2011-2012-ci tədris ilindən Bakı şəhərinin bütün məktəblərində vahid məktəbli forması tətbiq olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Modern.az-a bildirib ki, həm aşağı, həm də yuxarı siniflər üçün vahid məktəbli forması artıq satışa çıxarılıb.

Vahid geyim formasının istehsalı ilə məşul olan “Bakı tikiş evi” ASC-nin rəhbəri Fədail Rəhimov isə saytımıza bildirib ki, qiymətlərdə endirimlər olacaq.

Fədail Rəhimov deyib ki, əgər  bir ailədə iki və daha çox uşaq təhsil alırsa, onlara 10%-ə qədər endirimlər ediləcək. Şəhid ailələrinin uşaqları isə bu geyimləri pulsuz əldə edə biləcəklər.
“Elə ailələr var ki, 3-4 uşaq məktəbə gedir, onların 3-4 məktəbli formasını almağa imkanı çatmır. Bu məsələ ilə bizə müraciət edən ailələrə endirim edirik. Endirimin dəyəri  ailədəki uşaqların sayına görə müəyyənləşəcək ”-deyə F.Rəhimov saytımıza bildirib.

F.Rəhimov eyni zamanda bu il tətbiq olunan bəzi yeniliklər barədə də məlumat verdi. Onun sözlərinə görə, 1-4 siniflər üçün qəbul edilən forma bu ildən 1-6-cı siniflər üçün tətbiq olunub. 7-11-ci siniflər üçün isə tam yeni formalar tikilərək satışa çıxarılıb.

Məktəbli formalarının qiymətlərinə gəlincə, bu, ölçülərə görə dəyişir. Belə ki, ölçüsü 26-38 arasında dəyişən paltarların qiyməti ümumilikdə 40 manat, ölçüsü 40-dan yuxarı olanlar üçün isə ümumilikdə 45 manat müəyyən edilib.
7-11-ci siniflər üçün məktəbli forması almaq istəyən valideynlər isə bir az çox - toplam 53 manat verməlidirlər. Yəni 40 manat kostyumun, 6 manat 50 qəpik jiletin, 6 manat 50 qəpik isə köynəyin qiyməti...

Məktəbli formalarının hazırlanması üçün parcaların hardan alınmasına gəlincə, F.Rəhimov bildirdi ki, onu Türkiyənin “Bossa” firmasından alırlar. “Həmin parçalara Avropa Birliyinin laboratoriyası da sertifikat  verib. Parcalar keyfiyyətinə görə seçilir, sapları İngiltərədən alınır, yuyulmağa, kimyəvi təmizləməyə qarşı davamlıdır”.

Qeyd edək ki, məktəbli formaları tünd göy rəngdə müəyyən edilib. Artıq satışa çıxarılan məktəbli formalarının alınması üçün müraciət edənlərin sayının kifayət qədər olduğu bildirilir.
Məktəbli formalarının satışı üçün artıq paytaxtın 11 ünvanında pərakəndə satış məntəqələri fəaliyyət başlayıb. Valideynlərin rahatlığı üçün ucqar yaşayış məntəqələrində də mütəmadi səyyar satışlar təşkil olunacaq. Bunun üçün yerlər müəyyənləşdirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhərində kütləvi olaraq məktəbli geyimləri istehsalı ilə məşğul olan “Bakı Tikiş Evi” ASC-nin məhsullarını sertifikatlaşdırıb.  Müəssisədə istehsal olunan məktəbli paltarları oğlanlar üçün göy rəngli parçadan gödəkcə və şalvar, qızlar üçün göy rəngli parçadan pencək və damalı parçadan yubkadır.






Sədaqət Süleymanova

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər