Baş Prokurorluq təhsil müəssisələrindəki korrupsiya faktı barədə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, son dövrlərdə Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına yeni orta məktəblər tikilib, köhnə məktəb binaları əsaslı təmir olunub.
“Lakin təəssüf ki, bir sıra hallarda məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilməsi, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işlərinin aparılması hallarına rast gəlinir”-deyə bildirilib.
Dövlət başçısı İlham Əliyevin göstərişi əsasında bu faktlar üzrə Respublika Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Maliyyə Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə başlanılmış araşdırmalar zamanı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib.
“Hazırda araşdırmalar davam etdirilir və qısa müddətdə yekunlaşdırılaraq, görülmüş tədbirlər barədə ictimaiyyətə məlumat veriləcək”-deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Modern.az