Modern.az

Qəbələdən gələn var - Qıl körpünün o üzündəki kənd... (REPORTAJ+FOTOLAR)

Qəbələdən gələn var - Qıl  körpünün o üzündəki  kənd... (REPORTAJ+FOTOLAR)

15 İyul 2011, 17:00


Deyilənə görə bu kəndin adı nə vaxtsa Güllücə olub. Aylar, illər keçib və günlərin bir günü baxıblar ki, kəndi hamı Tikanlı adı ilə tanıyır. Kənd camaatını bilmirəm, görünür ki, onlar bu dəyişikliyə elə də ciddi önəm verməyiblər, amma mən şəxsən öz payıma belə sərt məna və məntiq yerdəyişməsi ilə razılaşa bilməzdim – hərçənd qızımdan başqa qan qohumlarım, yeddi arxa dönənim arasında nəinki Güllücə-Tikanlı ilə, heç Qəbələnin özü ilə bağlılığı olan yoxdur.

Bu ovqatda köklənmək üçün kəndə bircə dəfə baş çəkmək yetərlidir.

 – Kəndin adı nə?

– Tikanlı.

Ağlına gələn birinci fikir budur ki, kəndə qarşı böyük ədalətsizlik edilib, elə kənd camaatına da. Şamaxıdan o tərəfə - ta ki Qəbələyədək keçdiyimiz yerlərdə Tikanlı kəndindəki qədər az tikan görmədim. Qəbələ ilə, onun olduğum digər kəndləri ilə müqayisədə  göz uzandıqca yaşıllığa qərq olmuş bu məkana Tikanlı demək üçün gərək ağa qara deyənlərdən olasan. Nəsə....

Kənd iki çayın arasında yerləşir – Qara çayla Tikanlı çayı (qonşu Bum kəndinin camaatı  bu caya Bum cayı deyir) kəndi hər iki tərəfdən qolları çatıncayadək aguşuna almaq istəyib. Cay yataqlarının arasında qalan kənd dəhliz kimi ortaya düşüb. Maraqlı həm də burasıdır ki, çay yatağının hər birinin eni  ortada qalmış Tikanlının enindən xeyli genişdir. Deyilənə görə, kəndin indi yerləşdiyi ərazinin özü də vaxtilə çay yatağı olub.  Allah eləməmiş, göy göylər gözün yumub hönkursə, hər iki tərəfdən kəndi su basasıdır. Qara çay dəfələrlə üzərində tikilmiş körpünü, bəndu yuyub aparıb. Amma şükür ki, kəndə xətər dəyməyib. Görünür, bu da təbiətin öz seçimidir. Nəyi yuyub aparacaq, nəyi saxlayacaq – özü bilər.

Yaşıllığı, yayın istisində də sərinliyi ilə fərqlənən Tikanlı düz dağın dibindədir. Axşamüstü dağlardan aşagı enən sərin meh adamı elə üşüdür ki, bir anlığa da olsa, şəhərin istidən buğlanan asfaltı yada düşür. Amma tez də qorxulu mənzərəni xəyalından dağıtmağa çalışırsan.

Kəndin camaatı da çox sakit, üzüyola, mehriban insanlardır. Qarabağlılardakı emosional, hikkəli, hələ hardasa əsəbi danışıqlara burda təsadüf rast gələrsən. Təmkin məsələsində avropalılara rəqib saymaq olar  tikanlıları – gördüyüm qədəri deyirəm - ən ekstremal vəziyyətlərdə belə üzlərinin ifadəsi dəyişmir, emosiyalarını elə yaxşı gizlədirlər ki, adamın lap paxıllığı tutur. Görünür, təbiət tək buranın bağına-bağatına deyil, insanlarına da tumar çəkib. Kənd camaatınn sığallı xasiyyəti hər deyəndə özundən çıxmağa imkan vermir.

Kənd haqqında buraya qədər yazdıqlarım, necə deyərlər, bədii hissə idi. Bu, daha çox şəhərdən bezən kimi ayağını qaçaraq qoyub özünü lap ucqara verən  gərgin bir adamın qabağına çıxan adi bir kolda da romantika axtarmağı anlamına da gələ bilər. Amma yox, kənd, doğrudan, qəşəng kənddir. Di gəl ki...

Hə, indi keçirik rəsmi hissəyə. Di gəl ki, mənim orada gördüklərimi görmək hər qonağa nəsib olan şey deyil. Məsələ bundadır ki, sağollaşanda bir-birinə “Yaxşı yol” mənasında “Güllü-çiçəkli yollar!” arzulayan camaatın yaşadığı BU KƏNDİN YOLU YOXDUR. Daha dogrusu, Tikanlıya və ondan sonra gələn 5 kəndə  girmək üçün, sözün, az qala, həqiqi mənasında, qıl körpüdən keçmək lazımdır. Qəbələnin özü ilə bu kəndin arası vur-tut  9 kilometrdir.  Yetər ki, Tikanlı-Bum çayının üzərinə  bir körpü salınsın. Maraqlı burasıdır ki, Tikanlı kəndi və ondan sonra gələn daha 5 kəndin arasında normal gediş-gəliş var - Qara çayın üzərində tikilən  körpü kəndlərin bir-birindən hal-əhval tutmalarına imkan yaradır. Amma bu kəndləri rayondan təcrid edən Tikanlı-Bum çayının üzərindən körpü salmaq elə bil yaddan çıxıb. Camaatın danışdığına görə, yalan-gerçək, bu, nəzərini Qəbələdən əskik etməyən bir vəzifəlini belə təəccübləndirib ki, bala, bu nə cür yol çəkməkdir? Yaxşı bəs bu 6 kəndin camaatı hardan gəlib-getsin rayona?  Ona nə cavab veriblər,  bilən yoxdur, amma bir şey bəllidir ki, camaat üçün kənddən harasa çıxmaq əsil müşkülə çevrilib. Hüzrü düşən, can üstə olan xəstəsini, sancı çəkən hamiləsini təcili rayon mərkəzinə çatdırmlı olanlar  ya qanlarını qaşığa qoyub, bir də bir köhnə “Niva” tapıb, kəlmeyi-şəhadətlərini deyə-deyə qıl körpüdən -  kənd camaatının Tikanlı-Bum çayının üzərinə atdığı adi qoşa şvellerdən keçməlidirlər, ya da “həsiri basma, dolan gəl” edib calalı-çuxurlu, dərəli-təpəli və ən başlıcası 35 km uzunluğunda olan Nic yoluna çıxmalıdırlar. Bu, tikanlıların qəlbinə tikan kimi batan yol dərdi. Amma tək bu olsaydı, nə var idi ki...

Tikanlının suyu da yoxdur. 500-ə yaxın ailənin yaşadığı kənd icməli su ücün tutumlu qab-qacağı götürüb kəndin o başından bu başına olan məsafəni qət edərək dağın dibindəki bulaqdan su gətirir. O da hələ havanın kefinin kök vaxtında. Elə ki, yerə bir damcı yağış düşdü, çaylar bulaqları yuyub aparır. Bulağın gözünün lildən təmizlənməsi üçün, azı, iki-üç gün yağıntısız günü göyçək gün keçməlidir. Bulaqlar gözlərinin cirkini təmizləyənə qədər isə bütün kəndin əhalisi, daha dəqiqi desək, qızı-gəlini kənddəki yeganə krantdan su daşımalı olurlar. Kənd yeri ola, oğullu-uşaqlı, mallı-qaralı, toyuqlu-cücəli 500-ə yaxın ev ola, bircə də bir krant ola...

Oğul-uşaq demişkən, Tikanlının özü boyda bir də bir dərdi var. Nicatını uşaqlarının təhsilində görən camaat məktəbdən yaralıdır. Yaşıllıq arasında olan ikimərtəbəli, böyuk tikili  uzaqdan elə də bərbad görünmür. Amma bir balaca yaxından tamaşasına duranda hansı vəziyyətdə olması göz qabağındadır. Qapıları bərk-bərk bağlı olan məktəbin içərisinə baxa bilməsək də, şüşələri sınıq-salxaq  pəncərələrdən gördüklərimiz bəs edirdi – məktəb camaatın parta, lövhə, şkaf, masa, stul dediyi  avadanlıqlar da daxil olmaqla tavanından tutmuş döşəməsinədək qəzalı vəziyyətdədir. Məktəbin kollektivi  binanın təmiri məsələsini dəfələrlə qaldırsa da, səslərinə hay verən olmayıb. Hər dəfə söz verilib, amma işə gəlincə, qabaqlarına elə şərtlər qoyulub ki, Tikanlı ziyalıları tikan olub kiməsə batmaqdan qorxub kirimişcə çəkilib oturublar yerlərində.

Deyəsən, kəndin adının niyə dəyişdiyi yavaş-yavaş aydın olur. Əcəba, ikinci paytaxt statusuna can atirmış kimi dabanına tüpürüb qaçaraq inkişaf edən, günü-gündən gözəlləşən Qəbələ şəhərinin gözündə Güllücəni Tikanlıya çevirən elə bu dərdləri olmaya?













Nüşabə Hüseynli

Bakı-Qəbələ-Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB