Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərə ərizə vermiş namizədlərin iştirakı ilə test imtahanlarını 26 iyul – 30 avqust aralığında keçirəcək. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən məlumat verilib.
İyunun 26-dan 30-dək ibtidai sinif müəllimi işləmək istəyənlər imtahan verəcəklər. Avqustun 1-dən 5-dək ingilis dili, avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyatı, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-dən 24-dək riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da isə fiziki tərbiyə fənnləri üzrə vakant yerlərə imtahan keçiriləcək.
Hər bir namizəd kompüter vasitəsilə 1 saat ərzində 35 sualı sualı cavablandıracaq. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompüterdə göstəriləcək.
Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 2177 vakant yerə 9342 nəfər ərizə təqdim edib. 2177 vakant yerin 374-ü Bakı, 1803-ü isə digər şəhər və rayonların payına düşür. Elektron ərizə verən 9342 müəllimin 1834-ü ibtidai sinif, 1389-u Azərbaycan dili və ədəbiyyat, 1018-i riyaziyyat, 440-ı informatika, 506-sı fizika, 338-i kimya, 436-sı biologiya, 761-i tarix, 408-i coğrafiya, 1610-u ingilis dili, 307-si fiziki tərbiyə, 68-i gənclərin çağırışaqədərki hazırlığı, 137-si əmək hazırlığı, 47-si musiqi və nəğmə, 43-ü təsviri incəsənət və rəsmxət ixtisasları olanlardır.
Modern.az