ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza 23 iyul tarixində Qəbələ rayonunun Nic kəndindəki udin icmasına baş çəkib və yenilənmiş Udin kilsəsini dolaşıb. Sonra səfir kilsə ərazisində icma üzvləri ilə nahar edib və Udin icması ilə daha yaxından tanış olub. Bu barədə Modern.az saytına ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Brayza Cənubi Qafqaz regionunun zəngin mədəni irsini saxlamaq üçün Udin kilsəsinin bərpası kimi qoruyub saxlama layihələrinin vacibliyini qeyd edərək, icma üzvlərinə deyib ki, “mədəni və dini abidələrin qorunub saxlanması siyasi, mədəni və dini fərqləri də üstələyən böyük bəşəri əhəmiyyətə malikdir”.
Səfir əlavə edib ki, “sizin kilsənin, mədəniyyətinizin və dilinizin qorunub saxlanması müxtəliflik və tolerantlığa gözəl bir nümunədir. Bu yaxınlarda Bakıdakı erməni kilsəsində oldum və səmimi olaraq inanıram ki, gün gələcək və insanlar o kilsədə sizin burda ibadət etdiyiniz kimi, ibadət edə biləcəklər. Yerli rəsmilərin və vətəndaşların Allahın evlərinə göstərdiyi ehtiramı görməyə çox şadam”.
Səfir Brayzanın bu ziyarəti Qəbələ və Göyçay rayonlarına üçgünlük səfəri çərçivəsində baş tutub. Səfər zamanı o, ABŞ-ın Sülh Korpusunun təşkil etdiyi gənc liderlər düşərgələrinin iştirakçıları ilə söhbət edib, icra başçıları ilə görüşüb, və ABŞ-ın Beynəlxalq İnkişaf Proqramının (USAİD) məqsədi Göyçay rayonunda gəlirləri artırmaq və yeni iş yerləri yaratmaq olan Azərbaycanda Rəqabətlilik və Ticarət proqramından yararlanan nar emalı müəssisəsinə baş çəkib.
Modern.az