Azərbaycan çempionatında çıxış edən "Qəbələ" futbol klubunun ingilis baş məşqçisi Toni Adams ölkəsində çıxan "Guardian" qəzetinə maraqlı açıqlama verib.
””Qəbələ”də işə başlayanda Tale Heydərova dedim ki, mənə 100 milyon dollar verin, çempionluğu sizə bəxş edim. Amma biz bunu istəmirik. Biz hər şeyi gələcəyə hesablamışıq. İnanıram ki, sərmayəni uşaq futboluna yatırmaqla biz gələcək uğurlarımızın təməlini qoyuruq".
T.Adams deyib ki, "Qəbələ"nin planları uzun müddətə hesablanıb. “Klubun gənc prezidenti Tale Heydərov çox pul xərcləyib. O, işin nəticəsini görmək üçün səbrsizliklə gözləyir" deyə klubun ingilis baş məşqçisi qeyd edib.
İngilis mütəxəssis Azərbaycandakı ilk oyunundan sonra gördüklərindən danışıb: "Baş məşqçi təyin olunduqdan sonra səfərdə "Xəzər Lənkəran"la qarşılaşdıq və 0:1 hesabıyla uduzduq. Mən gözləyirdim ki, oyundan sonra mətbuat konfransında 30-40 jurnalist olacaq, kameraların, fotoqrafların əhatəsinə düşəcəyəm. Amma mətbuat konfransında cəmi iki jurnalist və bir kamera vardı. Və bu zaman belə bir sual verildi: "Rəqibin oyunu sizin xoşunuza gəldi". Cavab verdim ki, "bəli". Ardınca ikinci sual gəldi: "Bizim stadion barədə nə deyə bilərsiniz?" Bildirdim ki, "yaxşı stadiondu". Bununla da suallar bitdi, mən də dedim ki, "sizə təşəkkür edirəm”.
Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur. Londonda yaşayam T.Heydərov “Qəbələ” Futbol Klubunun prezidenti, “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədridir.
T.Heydərovun həm də böyük biznesə rəhbərlik etdiyi, "Gilan" Holdinq Şirkətlər Qrupunun İdarə Heyətinin sədri olduğu bildirilir.
Toni Adams ötən ilin mayında "Qəbələ" klubu ilə 3 illik müqavilə bağlayıb. Müqavilənin dəyəri barədə dəqiq məlumat verilmir.
Modern.az