Modern.az

Külli miqdarda vergidən yayınan şirkət rəhbəri həbs edilib

Külli miqdarda vergidən yayınan şirkət rəhbəri həbs edilib

28 İyul 2011, 10:40

Modern.az xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıran «Alliance 1» və «Xarə»  Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru İbrahimov Şamil Behbud oğlu cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ş.İbrahimov Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan «Alliance 1» MMC-nin direktoru vəzifəsində işləyərkən müəssisənin 2008-ci ilin iyun-dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil edərək ümumilikdə xeyli miqdar təşkil edən 39.691,30 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırıb. Bundan əlavə, Ş.İbrahimov 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan «Xarə» MMC-nin direktoru vəzifəsində işləyərkən müəssisənin 2008-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə və illik mənfəət vergisi bəyannaməsinə təhrif olunan məlumatlar daxil edərək cəmi 43.190,53 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Bununla da Ş.B.İbrahimov külli miqdar təşkil edən 82.882,83 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.2.2-ci maddəsində "külli miqdarda vergi ödəməkdən yayınma" nəzərdə tutulan cinayət əməlini törətib.     

Departamentin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 21 iyul 2011-ci il tarixdə Ş.İbrahimov tutulub. Ş.İbrahimov Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub.

23.07.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə Ş.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər