Kəskin istilər Bakıda içməli suya tələbatı artırıb, ticarət şəbəkəsində sərinləşdirici içkilərin satışı artıb.
Mağazalarda bəzi növ sərinləşdirici içkilər azalıb. Bunu Modern.az saytının əməkdaşı ilə söhbətlərində bəzi ticarət obyektlərinin satıcıları deyiblər. Təbii ki, belə hava mənzillərə verilən suya tələbatı da artıb.
“Ümumiyyətlə yay fəslinin gəlməsi ilə əlaqədar insanların suya tələbatını nəzərə alaraq iyun ayından etibarən Bakıya verilən suyun həcmini artırmışıq. Gücləndirilmiş rejimdə işləyirik”. Bu sözləri Modern.az-a açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib:
“Yay aylarında insanların suya tələbatı kəskin artır. Bilirik ki, bu aylarda eyni zamanda bağ və bostanlar da suvarılır, ona görə çalışırıq ki, insanların suya təlabatını ödəyək”.
Bakıətrafı qəsəbələrin bəzilərində su probleminə toxunan A.Cəbrayıllı həmin ərazilərdə su xətləri şəbəkəsi olmadığı üçün xidmət göstərə bilmədiklərini deyib: “Ətraf qəsəbələrdə - Binə, Şüvəlan, Mərdəkanda bir sıra ərazilərə su xətləri çəkilmədiyi üçün insanlar burada quyulardan çıxan cod sudan və ya su maşınlarının xidmətindən istifadə edirlər. Lakin Prezidentin Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı təsdiq etdiyi proqramdan sonra həmin qəsəbələrə də tezliklə su xətləri çəkiləcək”.
Anar Cəbrayıllı hazırda Bakı şəhərinin mərkəzi hissələrində insanların su ilə bağlı problemlər yaşamadığını deyib: “Bakının mərkəzi hissələri, Nəsimi, Nərimanov, Yasamal rayonları 24 saat su ilə təmin olunur. Burada insanların içdikləri su da buz kimidir. Bu, Oğuz-Qəbələdən gəlir”.
Aytən ƏLİYEVA