Jandarma Qüvvələri komandanı, ordu generalı Necdet Özelin baş qərargah rəisi təyin olunacağı gözlənilir
Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində təmsil olunan generallar bir-birinin ardınca istefa veriblər. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı İşık Koşaner, sonra onun ardınca Quru qoşunlarının baş komandanı Ərdal Ceylanoğlu, Hərbi hava qüvvələrinin komandanı Həsən Aksay və Hərbi dəniz qüvvələrinin baş komandanı Əşrəf Uğur istefa veriblər. Generallar təqaüdə çıxmaq istədiklərini bəyan ediblər.
İstefaların dəqiq səbəbi bildirilmir. Məlumata görə, istefalardan xeyli öncə Prezident Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin baş qərargah rəisi İşık Koşaner Çankaya köşkündə üçlü görüş keçiriblər. Bu gün keçirilən həmin görüşdən 6 saat sonra general Koşaner istefa verdiyini bəyan edib. İşık Koşanerin təqaüdçülüyünü tələb edən ərizəni Baş nazirliyə göndərdiyi xəbər verilir.
Gələn həftə Ali Hərbi Şuranın yığıncağı olmalıdır. Hökumət və hərbi liderlər həmin toplantıda bir neçə əsas təyinat gerçəkləşdirməlidirlər.
İşık Koşanerin vəzifə müddətinin bitməsinə hələ 2 il var idi. Ard-arda gələn istefalardan sonra Jandarma Qüvvələri komandanı, ordu generalı Necdet Özel Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ankara “dəhlizlərində” ordunun baş qərargahına rəhbərliyin ona həvalə ediləcəyi barədə xəbərlər dolaşır.
***
İşık Koşaner ötən gecə vida müraciətində atdığı addımının səbəblərindən bəhs edib. O, son illərdə Türkiyədə hərbçilərlə bağlı antikampaniyanın aparıldığını, məhkəmələr əsassız qərarlar çıxardığını, 250 hərbçinin hazırda həbsdə saxlanıldığını qeyd edib.
Onun sözlərinə görə, bu kampaniya nəticəsində cəmiyyətdə Türk Silahlı Qüvvələrinin cinayətkar təşkilat olduğu görüntüsünü yaratmağa çalışılıb:
Koşaner deyib ki, bu durumun qarşısının alınmamsı, özünün Baş qərargah rəisi olaraq tabeliyimdə olanların haqq və hüququnu qoruma cavabdehliyini yerinə yetirməsində ciddi əngəllərlə qarşılaşması onun bu ali kürsüdə vəzifəsinə davam etmək imkanını ortadan qaldırıb. Və istefa verməyə məcbur qalıb...
Modern.az