Vətəndaşlar problemlərinin həlli ilə bağlı daha çox dövlət orqanlarına müraciət edirlər. Ancaq şikayətçilər heç də həmişə məmurlar tərəfindən xoş rəftarla qarşılaşmırlar. Bir çox hallarda məmur şikayətçini “get, kimə şikayət edirsən et!” deyib qovur. Bu ifadəni məmur təbəqəsindən olanların dilindən az adam eşitməyib. Maraqlıdır, məmur bu ifadəni işlətməklə nəyə, kimə arxalanır? Nədən irəli gələrək bu ifadəni işlədirlər? Ümumiyyətlə, onlar bu hərəkətlə cinayət məsuliyyətinə cəlb oluna bilərmi?
Modern.az-ın əməkdaşı hüquqşunaslardan bu məsələni aydınlışadırmağa çalışıb.
Tanınmış vəkil Aslan İsmayılov bildirib ki, məmurun “get, kimə şikayət edirsən, et!” ifadəsini işlətməsi göstərir ki, ölkə idarə olunmur: “Bu eyni zamanda ölkədə qanunun olmamasının göstəricisidir. Amma sırf hüququ baxımından o, vəzifə borcunu yetirmirsə, o zaman ən azı səhlənkarlıq cinayəti variantı, vəzifədən sui-istifadə etmə halı ortaya çıxır. O, vəzifə borcunu yerinə yetirməlidir. Amma bu gün belə şeylərdən danışmaq boş məsələdir”.
Bu gün qanunların işləmədiyini və hər yerdə dərabəyliyin hökm sürdüyünü deyən hüquqşunas qeyd edib ki, bu ifadə bir məmura deyil, hamıya aiddir: ““JEK” müdirindən tutmuş nazirə qədər hamı deyir “get, nə istəyirsən elə!”. Ona görə ki, hər biri bu ölkədə qanunların işləmədiyini bilir. Cəzasızlıq, dərabəylik hökm sürür. Bu ifadənin kökündə duran bax budur. Məmur bilsə ki, o vəzifəsini yerinə yetirmədiyinə görə cəzalandırıla bilər, o ifadəni dilinə gətirməz. Ona görə ki, məmurun orada oturması vətəndaşdan yığılan vergilər hesabınadır. Ac-yalavac, gecə-gündüz işləyən vətəndaşların hesabına məmurlar bu cür şişib harınlayıblar”.
Hüquqşunas Əliməmməd Nuriyev məmurun yuxarıda bəhs olunan kobud ifadə işlətməsini bir neçə variantıla izah edir:
“Birincisi, məmur qanunu yaxşı bilmir. İkincisi, məmur öz işini, anlayışları, funksional vəzifəsini yaxşı bilmir. Üçüncüsü, məmur belə hərəkət edəndə ya onun nəsə umduğu görünür, ya da o sadəcə işi belə bürokratiya istiqamətinə yönəltməklə həmin şəxslərdən nə isə uma bilər. Bu korrupsiya sövdələşmələrinə işarə kimi də qiymətləndirilə bilər. Dördüncüsü, tələb olunan iş məmurun səlahiyyətlərinə daxil olmayan məsələ də ola bilər. Amma bu zaman o, açıq şəkildə deyə bilər ki, “bu mənim səlahiyyətlərimə daxil deyil”. Beşinci, məsələ onunla bağlıdır ki, doğurdan da bizim məmurlarda təşəbbüskarlıq yoxdur”.
Ə.Nuriyev hesab edir ki, məmurun belə hərəkət etməsinin başqa səbəbi onların çox zaman etik davranış qaydalarını sona qədər bilməmələridir: “Məmurlar tərəfindən etik davranış qaydalarına əməl edilmir və ümumiyyətlə, onlar bu haqda anlayışları bilmirlər. Çox zaman da belə hallar vətəndaşlarımıza etikadan kənar cavabların verilməsinə gətirib çıxardır. Bu əslində etik davranışın kobud şəkildə pozulması kimi də qiymətləndirilə bilər və buna görə də məsuliyyət nəzərdə tutulur. Və yaxud həmin məmur kiməsə güvənir, hansısa vəzifəli şəxsin qohumudur. Arxasında dayananın onu məsuliyyətdən azad edəcəyinə güvənərək belə hərəkət edir”.
Hüquqşunas bütün bunların motivasiyasında şəxsi maraqların durduğunu söyləyir. Onun sözlərinə görə, vətəndaşlarımız öz hüquq və azadlıqlarını daha yaxşı bilsələr, daha tələbkar olsalar, o zaman məmur istər-istəməz öz işində dəyişiklik edə bilər: “Biz bu gün məmurları öz funksional vəzifələrini yerinə yetirməyə yönləndirməyə çalışmalıyıq. Ümumiyyətlə, onların bu tipli hərəkətləri ilə bağlı ya yuxarı orqanlara, ya da məhkəmələrə müraciət etmək lazımdır”.
Əliməmməd Nuriyev Azərbaycan qanunvericiliyində bu məsələlərin qarşısının alınması üçün çox gözəl təsisatların yarandığını və eyni zamanda qanunvericliyin bu istiqamətdə xeyli dərəcədə təkmilləşdirildiyini vurğulayıb:
“2011-ci il yanvar ayının 1-dən “İnzibati icraat haqqında” Qanun qüvvədədir. Azərbaycanın bütün ərazisində məhkəmələr yaradılıb. Bu gün məmurun hər hansı hərəkəti və ya hərəkətsizliyi, söylədiyi fikirlər və qəbul etdiyi hər hansı inzibatı aktlarla bağlı vətəndaş məhkəməyə şikayət edə bilər”.
Müsahibimiz İnzibati İcraat, İnzibatı Prosessual Məcəllənin normaları ilə bağlı vətəndaşlar arasında geniş maarifçilik işinə ehtiyac olduğunu deyir. Onun sözlərinə görə, əgər vətəndaşlar, hüquqi və fiziki şəxslərlə istənilən məmur arasında bu cür hallar baş verirsə və ya onların müraciətlərinə ya vaxtında, ya da ümumiyyətlə cavab verilmirsə, ondan şikayə edilə bilər: “Bu gün də təsadüfi deyil ki, məmurun hərəkət və hərəkətsizliyi və yaxud qəbul etdiyi inzibati aktla bağlı məhkəməyə edilən müraciətlərin çox hissəsi, 70 faizə qədəri vətəndaşın, hüquqi və fiziki şəxsin xeyrinə həll olunur”.
Aytən ƏLİYEVA