Son vaxtlar havaların isti keçməsilə əlaqədar istehlakçıların suya olan tələbatı xeyli artıb. May ayı ilə müqayisədə Bakı şəhərinə 35% artıq su verilir. Bununla belə, hazırda paytaxtın içməli su təchizatında bir stabillik mövcuddur. Stabillik isə Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində yaranıb.
Modern.az-ın məlumatına görə, bu sözləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, suya olan tələbatın ödənilməsi üçün Ceyranbatan və Kür su xətlərindən artıq su götürmək imkanı var, amma Bakı və şəhərətrafı qəsəbələrdəki xətlər tam qaydasında deyil.
Q.Hüseynov bu gün Bakıətrafı qəsəbələrdə içməli su probleminin yaşanmasını bəzi yerlərdə su xətlərinin olmaması, xətlərdəki sızmalar və itkilər, özbaşına qoşulmalarla əlaqələndirib. Onun sözlərinə görə, “Azərsu”nun qarşısında duran əsas məsələlərdən biri yeni magisral su kəmərlərinin çəkilməsi, xətlərin yenidənqurulmasıdır.
“Bu istiqamətdə layihələndirmə işlərinə başlanılıb. “Azərsu”yun hədəfi istehlakçıları fasiləsiz olaraq içməli su ilə təmin etməkdir. Ölkə Prezidenti də bizim qarşımıza bu tələbi qoyub ki. Azərbaycan əhalisi 24 saat içməli su ilə təmin olunmalıdır” deyən “Azərsu” sədrinin sözlərinə görə, 2013-cü ilin sonunadək Bakı və ətraf qəsəbələrin içməli su təchizatı tam qaydasına salınacaq. O, qeyd edib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakıətrafı qəsəbələrin etibarlı və dayanıqlı su təchizatı üçün Ceyranbatan su təmizləyici kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulub. Bununla yanaşı, Masazır, Balaxanı, Ramana, Zirə, Pirallahı qəsəbələri istiqamətində 800-1400 millimetr diametrli, uzunluğu 150 kilometrə qədər olan paylayıcı magistral kəmərlər tikiləcək. Bu kəmərlərə veriləcək suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə ümumi həcmi 200 min kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır.
Paylayıcı kəmərlərin və anbarların inşası Abşeron yarımadası üçün əlavə su şəbəkəsi yaradacaq ki, bu da Bakı şəhərinin mövcud kəmərlərdən su alan zonalarının daha etibarlı şəkildə su təminatının aparılmasına imkan verəcək.
Q.Hüseynovun sözlərinə görə, Azərbaycan Hökuməti ilə beynəlxalq maliyyə təşkilatları arasında bağlanmış sazişlərə uyğun olaraq 8 şəhərdə - Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə tikinti işlərinə başlanılıb. 2011-ci ilin sonuna qədər isə Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda işlərə başlanması planlaşdırılır. Eyni zamanda, büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su və kanalizasiya sistemləri yenidən qurulur.
Hazırda 2011-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi zamanı ayrılmış vəsait hesabına bir sıra rayon mərkəzlərində işlərə başlamaq üçün Nazirlər Kabineti ilə müzakirələr aparılır. Qalan rayonlarda isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ildə başlanması nəzərdə tutulur.
Q.Hüseynov deyib ki,bu gün Bakıya verilən içməlu su keyfiyyətinə görə, standartlara tam uyğunduir.
O, Oğuz-Qəbələ-Bakı su kəmərinin işindən danışaraq qeyd edib ki, hazırda bu kəmərlə paytaxta ötürülən su sərfi saniyədə 4,3 kubmetrə çatdırılıb və ilin sonuna qədər kəmərin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatdırılacaq.
Kəmərin mənbələrində suyun az olması barədə söz-söhbətləri təkzib edən “Azərsu” sədri deyib ki, Oğuz-Qəbələ zonasında 78 istismar, 20 müşahidə quyusu qazılıb. Hazırda 65 quyu istismar olunur. 36-dan çox quyu saniyədə 130 litr su ötürməəyə malikdir.
“Yəni həmin mənbədə kifayət qədər su ehtiyatı var”-deyə o, bildirib.
”Azərsu” rəhbəri supulu borclarının yığılmasında ciddi problemlərin olduğunu da qeyd edib. Bildirib ki, əhali rupundan olan abunəçilərdən yığım heç 50 faizə çatmır, halbuki, bu, 100% təşkil etməlidir. Onun sözlərinə görə, 2011-ci il fevralın 1-dən bu yana 250 min abunəçi 1 manat olsun belə, supulu verməyib. Son 4 ayda sudan qanunsuz istifadə ilə bağlı 2 mindən artıq akt yazılıb. Bu problemlərin belə davam etməyəcəyini vurğulayan Q.Hüseynov alternativ tədbirlər görüləcəyini qeyd edib.
“Azərsu” sədri bildirib ki, bəzi ərazilərdə su kəmərərinin mühafizə zolaqları qanunsuz tutularaq özbaşına tikililər inşa olunub. O, bununla bağlı siyahılar hazırlandığını, müvafiq qurumlara təqdim ediləcəyini söyləyib.
Modern.az