Səfirlik onların məsələsinə laqeyd yanaşır
“1993-cü ildən sonra Azərbaycandan Qazaxıstana pənah aparan, orada məskunlaşan 20 minədək azərbaycanlı qaçqın və məcburi köçkün ciddi problemdən əziyyət çəkir. Onlar ümumvətəndaş pasportuna malik deyillər və hələ də keçmiş SSRİ-nin qırmızı pasportundan istifadə etməyə məcbur olurlar”.
Bu açıqlamanı Modern.az saytına Qazaxıstan – Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov verib.
V.Salahovun sözlərinə görə, problemdən əziyyət çəkən azərbaycanlıların təxminən 12 mini Ağdam, 2 mini Laçın, qalanları digər bölgələrdən olan qaçqın və məcburi köçkünlərdır.
Müsahibiz deyib ki, hazırda xarici pasporta və şəxsiyyət vəsiqəsinə malik olmayan azərbaycanlılar dəfələrlə Azərbaycanın Qazaxıstandakı Səfirliyinə müraciət ediblər. Azərbaycanın diplomatik korpusu isə soydaşlarımızın məsələsinə ciddi yanaşmayıb, laqeyd münasibət sərgiləyib.
Halbuki, Azərbaycan qanunvericiliyə görə, xarici ölkədə daimi və ya müvəqqəti yaşayan, təhsil alan Azərbaycan Respublikası vətəndaşı ümumvətəndaş pasportunun verilməsi barədə müraciət etdiyi Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğunda konsulluq uçotuna alınmalı və onun pasportunda bu barədə qeyd edilməli, möhürlə təsdiqlənməlidir.
Vaxtilə, 1993-cü ildən sonra Azərbaycandan gedən həmin soydaşlarımız o zaman yalnız keçmiş SSRİ-nin qırmızı pasportuna malik olublar. Sonradan isə nə şəxsiyyət vəsiqəsi ala biliblər, nə də ümumvətəndaş pasportu.
Qazaxıstan tərəfi isə sənədsiz azərbaycanlıların məsələsiylə əlaqədar Azərbaycan tərəfinə sorğu göndərib. Azərbaycandan verilən cavabda isə həmin insanlarla bağlı vəziyyətin məlum olmadığı qeyd edilib. Bu cavab isə Qazaxıstan tərəfini qane etməyib. İndi nə Azərbaycan, nə də Qazaxıstan vətəndaşlığı olan həmin azərbaycanlıların kimliyini təsdiq edən sənəd probleminin necə çözüləcəyi məlum deyil.
Modern.az