Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərə ərizə vermiş namizədlərin iştirakı ilə test imtahanlarını davam etdirir. Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən Modern.az-a verilən məlumata görə bu gün növbəti imtahanlara start veriləcək. Belə ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə ərziə 1389 namizəd avqustun 8-dən 11-dək imtahan olunacaq.
Avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-dən 24-dək riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da isə fiziki tərbiyə fənnləri üzrə vakant yerlərə imtahan keçiriləcək.
Hər bir namizəd kompüter vasitəsilə 1 saat ərzində 35 sualı sualı cavablandıracaq. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompüterdə göstəriləcək.
Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçirilir.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 2177 vakant yerə 9342 nəfər ərizə təqdim edib. 2177 vakant yerin 374-ü Bakı, 1803-ü isə digər şəhər və rayonların payına düşür.
Elektron ərizə verən 9342 müəllimin 1834-ü ibtidai sinif, 1389-u Azərbaycan dili və ədəbiyyat, 1018-i riyaziyyat, 440-ı informatika, 506-sı fizika, 338-i kimya, 436-sı biologiya, 761-i tarix, 408-i coğrafiya, 1610-u ingilis dili, 307-si fiziki tərbiyə, 68-i gənclərin çağırışaqədərki hazırlığı, 137-si əmək hazırlığı, 47-si musiqi və nəğmə, 43-ü təsviri incəsənət və rəsmxət ixtisasları olanlardır.
İyulun 1-dən 15-dək davam edən I mərhələdə ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilən meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb. Nəticədə 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.
İbtidai sinif müəllimi ixtisası üzrə iyulun 26-dan iyulun 30-dək davam edən imtahanlarda 1244 iddiaçı iştirak edib. İmtahanların nəticələrinə əsasən 98 nəfər işə qəbul olunub. Vakant qalan 12 yer isə bütün imtahanlar başa çatdıqdan sonra keçid balını toplayan, lakin qəbul olunmayan müəllimlərə təklif olunacaq.
Avqustun 1-dən 5-dək ingilis dili ixtisası üzrə imtahanlar keçirilib. Bu ixtisas üzrə 241 vakant yerə qarşı (onlardan 68-i Bakı şəhərindəndir) 1529 nəfər imtahana buraxılıb. Nəticələr bu həftə elan olunacaq.
Modern.az