Süleyman İsmayılov: “Prezidentin internet poçtuna müraciətlər əsasən icra hakimiyyətindən, dərman təminatı və hüquq mühafizə orqanları barəsindədir”
“Bu ilin əvvəlindən Prezidentin rəsmi internet saytına respublikadan yüzlərlə elektron müraciət daxil olub. Bunların böyük əksəriyyəti ərizə və təkliflər, digər hissəsi isə şikayətlərdir”.
Modern.az rəsmi Azərbaycan” qəzetinə istinadən bildirir ki, bu barədə Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov müsahibəsində bildirib. Onun sözlərinə görə, müraciətlərin arasında bir çox maraqlı təkliflərlə yanaşı, Prezidentin ünvanına ayrı-ayrı rayonlarda aparılan abadlıq və quruculuq işlərinə, bəzi rayonların sosial-iqtisadi inkişafı üçün əlavə vəsait ayrılmasına, müxtəlif təltif və mükafatlara görə minnətdarlıq məktubları da az deyil.
“Elektron müraciətlərin dinamikası bu ilin aprel ayından başlayaraq artır. Məsələn, aprel ayında Prezidentin rəsmi internet saytına daxil olmuş müraciətlərin sayı bütövlükdə daxil olmuş müraciətlərin 1,8 faizini təşkil edirdisə, bu göstərici, yəni elektron müraciətlərin sayı son aylarda 6-7 faizə çatıb. Təhlillər göstərir ki, ölkə Prezidentinin rəsmi internet saytına daha çox gənclər və orta nəslin nümayəndələri müraciət edirlər. Daha yaşlı nəslin nümayəndələri isə ənənəvi məktub formasından istifadə edir və öz müraciətlərini poçt vasitəsilə göndərməyə üstünlük verirlər”-deyə o vurğulayıb.
Əhalinin Prezidentin rəsmi internet saytına müraciətlərinin coğrafiyası da maraq doğurur. İsmayolv bildirib ki, bu müraciətlər respublikanın 79 şəhər və rayonunu əhatə edir.
“Xüsusilə Bakı şəhəri və onun rayonlarından, Sumqayıt, Şirvan, Lənkəran, Saatlı, Salyan, Göygöl şəhər və rayonlarından daha çox elektron müraciət daxil olub”-deyə PA rəsmisi vurğulayıb.
Prezidentin rəsmi internet saytına xarici ölkələrin vətəndaşlarından da müraciətlər az daxil olmur. MDB ölkələrindən, bir sıra Avropa və Asiya ölkələrindən daxil olmuş belə müraciətlərdə daha çox Azərbaycan haqqında müxtəlif məlumatlar verilməsi, bir çoxlarında isə ölkə Prezidentinin avtoqraflarının göndərilməsi xahiş edilir.
“Müraciətlərin mövzularına gəldikdə, digər müraciətlər kimi onlar da əsasən yerli icra orqanlarının fəaliyyəti, fərdi yaşayış evlərinin tikintisi, şəhərsalma, mənzil, sosial yardım və müavinətlər, müalicə və dərmanlarla təminat, işlə təmin olunma, hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti və digər məsələlər barəsindədir”.
İsmayılov qeyd edib ki, istər adi qaydada, istərsə də elektron formada daxil olan bütün müraciətlərə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununa və müvafiq normativ hüquqi aktlara uyğun baxılaraq cavab verilir.
“Yəqin ki, vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək, bilavasitə elektron müraciətlərə baxılması məsələlərini tənzimləyən müddəalar təsbit olunacaqdır. Yaxın vaxtlarda respublikada elektron imzalar rəsmi surətdə təsdiq olunduqdan sonra elektron müraciətlərə elektron cavablar verilməsi də təmin ediləcək. Bu zaman vətəndaşların da, müvafiq idarə və təşkilatların da elektron imzaları müvafiq qeydiyyatdan keçirilərək rəsmi xarakter daşıyacaq”.
PA rəsmisi qeyd edib ki, artıq vətəndaşların qəbulunda yeni forma və üsullar tətbiq edilməkdədir. Məsələn, bəzi mərkəzi icra hakimiyyəti orqanlarında istifadəyə verilmiş yeni elektron proqramlar vasitəsilə bu qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların videoqəbulunu keçirmək imkanı yaradılıb, ona "Virtual qəbul" adı verilib. Yəni vətəndaşlar dövlət hakimiyyəti orqanlarında müəyyən edilmiş qrafik əsasında elektron müraciət vasitəsilə qabaqcadan müvafiq vəzifəli şəxsin qəbuluna yazılır və təyin olunmuş vaxtda həmin şəxslə videogörüntü formasında üzbəüz danışaraq öz problemi barədə məlumat verir və sorğusuna cavab alır.
Saytın vətəndaşların müraciətləri ilə əlaqədar hissəsində edilmiş yeniliklərlə bağlı danışan S.İsmayölov bildirib ki, internet resursda "Dövlət orqanlarına müraciət etmək" bölməsi yaradılarkən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəsmi saytları və "e-mail" ("e-poçt") ünvanlarının fəaliyyəti ilə tanış olduqları zaman bu saytların bir qismində "Müraciət etmək", "Qəbul günləri" bölmələrinin və "e-mail" ünvanlarının heç də lazımi səviyyədə olmadığı müəyyən edilib.
“Bu işdə müəyyən sistem yaratmaq üçün görülən tədbirlərdən sonra həmin dövlət hakimiyyəti orqanlarının rəsmi internet saytları təkmilləşdirildi, onların saytları və elektron ünvanları qısa müddətdə işlək vəziyyətə salındı”.
Vətəndaşların ölkə Prezidentinin rəsmi internet saytı vasitəsilə yerli icra hakimiyyəti orqanlarına müraciət edə bilməsi üçün sayta Azərbaycanın interaktiv xəritəsi yerləşdirilib, həmin xəritədə 11 iqtisadi rayonun adı yazılıb və bu iqtisadi rayonlara daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin veb.saytları və e-mail ünvanları göstərilib.
Vətəndaşların bu sayt vasitəsilə dövlət orqanlarına müraciət etməsi bizə həmin müraciətlərin operativ və geniş təhlillərini aparmağa imkan verəcək.
Modern.az