Modern.az

Ermənisayağı “Samanta Smit”

Ermənisayağı “Samanta Smit”

Ölkə

15 Avqust 2011, 11:35

13 yaşlı erməni yeniyetmə qızın Azərbaycan Prezidentinə məktubu cəmiyyətdə müzakirə edilən mövzuya çevrilib. Bu ermənisayağı “dejavyu” bir sıra məqamlarına görə, “soyuq müharibə”ni və Samanta Smiti xatırladır. 80-ci illərin əvvələrində, balaca Amerika məktəblisi Samantanın SSRİ-nin rəhbəri Yuri Andropova yazdığı məktub o dövrün siyasi münasibətlərində rezonans doğuran bir məsələ idi.
“Cənab Andropov, siz doğurdanmı müharibə istəyirsiniz?” sualı ilə SSRİ-rəhbərinə məktub göndərən Samanta tez bir zamanda “soyuq müharibə”nin əleyhinə olanlar üçün sülh göyərçininə çevrildi. Andropov Samantanı SSRİ-yə çağırdı.
“Gəl, hər şeyi öz gözlərinlə gör...” –deyə cavab yazan köhnə DTK rəhbəri Andropov amerikalı qızcığazın bu məktubuna ABŞ-ın “soyuq müharibə” prioritetlərini dağıdacaq bir amil kimi baxırdı. Samanta gəldi, qırmızı qalstuklu sovet pionerləri ilə “Artek”ə getdi, ocaq qaladı, dənizdə çimdi. Onu hər yerdə sevinclə qarşılayırdılar. Samanta “sovet adamları”ının adamyeyən olmadığını gördü. Balaca qızcığaz  “Şər imperiyasında” yaşayan sovet vətəndaşları üçün “dəmir pərdə”nin o tərəfindən gəlmiş bir sehrbaza çevrilmişdi. Samanta SSRİ və ABŞ siyasətbazlarının yalançı ideoloji tezislər üzərində məharətlə qurduqları  “..izmlərin” saxta yarlıqlarını cıraraq hər iki ölkədəki insanların  necə qorxu içində girov saxlandığını nümayiş etdirdi.

”SSRİ və ABŞ-ın geopolitik maraqlarının toqquşması fonunda Samantanın sülh missiyası özünün məqsədinə çata bilməzdi. Çatmadı da. Samanta müəmmalı təyyarə qəzasında həlak oldu. Amma onun missiyası boşuna getmədi. Samanta dünyaya başa sala bildi ki, insan dünyanın hər yerində insandır. Balaca qızcığaz  bəşər üçün aydın bir tezis qoydu: məhz siyasətçilərin öz xəbis məqsədləri üçün insanı ideoloji zombiyə çevirmək cəhdləri dünya üçün bəlalar gətirir.

Erməni qızı Adelinanın Azərbaycan Prezidentinə məktubu “Samanta Smit” əhvalatının pis təqdiqindən başqa bir şey deyil. Məktubu oxuyandan sonra bunun 13-yaşlı qızın yazdığına belə  şübhə edirsən. Bütün hallarda qızcığazın yaşına uyğun olmayan əsəbi, emosional tərzi məktubda adamın gözünə girir.
“Cənab pezident, mənim Qarabağım sizin nəyinizə lazımdır?” kimi uşaq yaşına yaraşmayan sualın gölgəsində isə xəbis siyasətbazların həyasız hırıltılarının səsi gəlir. Hədəf aydındır: erməni siyasətbazları uşaq təfəkküründən öz məqsədləri üçün istifadəyə cəhd edirlər. Bu isə ikrah doğurmaya bilməz. Odur ki, balaca bir qızcığazın “sülh göyrərçini” kimi irəli verilməsi, böyük və təhlükəli planlar üçün qalxan kimi istifadə olunması sadcə təəssüf doğurur.

Məktubun saxta pafosu ilk cümlələrdən bəlli olur. Adelina elə tonda yazır ki, sanki Dağlıq Qarabağ müharibəsi 200 il əvvəl olub və unudulub.
“Biz sizin barədə heç vaxt düşünmürük”, “Mən heç zaman azərbaycanlı görməmişəm” cümlələri insanda acı təbəssüm doğurmaya bilməz.

Axı bu necə ola bilər? Hər gün güllə və mərmi səsləri altında böyüyən, aclıq və çətinliklər girdabında çababalayan Dağlıq Qarabağda yaşayan balaca qızcığaz bu sözləri necə yaza bilər? Bu sadəcə xəyalın gerçəklik kimi təqdimindən başqa bir şey deyil. Erməni bicliyi ilə “sülh carçısı” kimi görünmək siyasəti isə çox pis oynanılan tamaşa təsiri bağışlayır.
 
Prezident Administrasiyasının cavab məktubu bir çoxlarına qəribə gələ bilər. Dodaq büzüb, “cavab nəyə lazım idi” deyənlər də ola bilər. Amma məncə, cavab olmalı idi. Fikrimcə, erməni qızının bu “şanlı məktubu” Dağlıq Qarabağ münaqişəsinin tarixində yeni bir mərhələni açır. Hərbiçi və siyasətçilərin susduğu, vətəndaş cəmiyyətinin danışa biləcəyi bir mərhələni...
Bu məktub və ona cavab isə ilk addımdır. Adelinanın və ata-anasının Azərbaycana dəvət edilməsi yaxşı təklifdir. Qoy qızcığaz gəlsin, ona burada göstərməli çox şey var. Qoy Xocalı şahidlərini canlı olaraq dinləsin, atasının qovduğu bir milyondan artıq adamları - qocaları, qadınları, uşaqları görsün, onlarla danışsın...
Erməni “Samanta”nın gəlişindən qorxmayın. Qoy gəlsin. Verəcəyi suallara cavab alması üçün Adelinaya imkan yaradın...    

Bu sualların cavabları onun deyil, ata-babasının vicdanına yazılıb...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər