Modern.az

Araz Əlizadə: “Ayaz Mütəllibov Bakıdan gedəcək”

Araz Əlizadə: “Ayaz Mütəllibov Bakıdan gedəcək”

Ölkə

15 Avqust 2011, 14:02

ASDP həmsədri: “Aparılmış danışığa görə, Ayaz müəllim dəfn törəni bitəndən sonra ölkədən getməlidir

“Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov vəfat etmiş oğlunun qırx mərasimini verəndən sonra Azərbaycanı tərk edəcək”. Bu barədə Modern.az saytına açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib.
“Aparılmış danışığa görə, Ayaz müəllim dəfn mərasimi bitəndən sonra ölkədən getməlidir. Amma Bakıdan nə vaxt gedəcəyini lap dəqiqliklə deyə bilmərəm”-deyə A.Əlizadə vurğulayıb. Onun sözlərinə görə, eks-prezident heç bir KİV-ə müsahibə verməyəcək və mətbuat konfransı keçirməyi planlaşdlrmayıb.

O, Ayaz Mütəllibovun siyasi fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı məsələyə birmənalı münasibət bildirməyib. ASDP həmsədri deyib ki, bu barədə heç nə deyə bilməz:  
“Mən Ayaz müəllimin bundan sonrakı siyasi fəaliyyəti ilə bağlı bir söz deyə bilmərəm. Hazırda o böyük dərd içərisindədir. Odur ki bu məsələlər hazırda müzakirə mövzusu deyil”.

Xatırladaq ki, eks-prezident Ayaz Mütəllibov avqustun 8-də oğlu Azad Mütəllibovun dəfnində iştirak etmək üçün həyat yoldaşı ilə Bakıya gəlib. 19 illik mühacir həyatından sonra A.Mütəllibovun Azərbaycana buraxılmasına icazəni Azərbaycan Prezidenti İlham Əliyev verib.

Eks-prezident Ayaz Mütəllibov ötən həftə APA-ya bildirib ki, Bakıya döndükdən sonra mərhum dövlət başçısı Heydər Əliyevin və həyat yoldaşı Zərifə Əliyevanın məzarlarını ziyarət edib:
"Oğlum Azadın vəfatı ilə ailəmizdə baş vermiş faciə ilə əlaqədar Bakıya döndükdən sonra təbii ki, mən ümummilli lider Heydər Əliyevin və onun xanımı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etməyə bilməzdim. Onun mücəssəməsi qarşısında durduqda bir an ərzində Heydər Əliyev rəhbərliyi altında istehsalat birliyinin baş direktoru vəzifəsindən nazir, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatınadək keçdiyim yol gözümün qarşısında canlandı. Bütün vəzifələrdə mən ulu öndərin mənə göstərdiyi etimadı doğrultmaq üçün bütün gücüm və savadımla çalışırdım. Çünki Heydər Əliyev bütün Sovet İttifaqında durğunluq illəri olmasına baxmayaraq, Azərbaycanı inkişaf etdirir və ölkənin xoşbəxt gələcəyini görürdü. Elə buna görədir ki, Azərbaycan müstəqil olduqdan sonra böyük iqtisadi çətinliklər çəkmədi. Azərbaycanın bu gününü görərkən isə hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir və Azərbaycan inkişaf edir, irəliləyir", - deyə o bildirib.

A.Mütəllibova Azərbaycanın Moskvadakı səfirliyi müvəqqəti qayıdış arayışı verib.

Xatırladaq ki, 2001-ci ildə eks-prezidentin atası Niyaz kişi vəfat edəndə o, dəfn mərasimində iştirak edə bilməmişdi. Mərhum Heydər Əliyev o zaman eks-prezidentin geri qayıdacağı təqdirdə həbs edilməyəcəyinə dair təminat vermədi.

Ayaz Mütəllibov 1991-cı ildə prezident seçilib.1992-ci ilin yazında o hazırda müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyalarının tələbi ilə istefaya gedib. Həmin vaxtdan Moskvada siyasi mühacirətdə yaşayır.
Sonralar Baş Prokurorluq A.Mütəllibovu Azərbaycan Nazirlər Sovetinin sədri və respublika prezidenti vəzifələrində işlədiyi dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir. Baş Prokurorluğun A.Mütəllibov haqda verdiyi rəsmi məlumata görə, o, 1990-cı il yanvarın 19-da sovet ordusunun Bakıya yeridilməsi və qanlı 20 Yanvar faciəsinin törədilməsi, 1991-1992-ci illərdə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin Azərbaycan kəndlərinə hücumlar etməsinə yol verilməsi, azərbaycanlıların blokadadan çıxarılması üçün zəruri tədbirlər görülməməsində, Xocalı qırğınının baş verməsinə şərait yaratmaqda, 1992-ci il martın 6-da prezident vəzifəsindən istefa verdikdən sonra piketlər və mitinqlər təşkil olunmasında və deputatlara təzyiqlər göstərilməsi yolu ilə növbədənkənar sessiya çağırılmasına, istefaya getməsi barədə qərarın ləğvinə nail olaraq prezident səlahiyyətlərini mənimsəməkdə, 1996-cı ilin əvvəllərində dövlət başçısı Heydər Əliyevə qarşı terror aktının hazırlanmasının təşkilatçısı olmaqda,  2001-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi istiqamətində hazırlıq işləri aparılmasında ittiham olunur.

Onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2003-cü il mayın 19-da qərar çıxarılıb, istintaqdan qaçıb gizləndiyinə görə Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən haqqında həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

İlk hadisədir ki, rəsmən axtarışda olan şəxsin ölkəyə buraxılmasına rəsmən icazə verilib.

Xaqani Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər