Vaqif Əsədov: "Bu, təhlikəsizliklə bağlıdır"
Bakı şəhərində avtomobil idarə edən sürücülərin xoşlamadığı xəbər – paytaxtda radarların sayı artırılır və bu, davam etdiriləcək. Bu məlumatı Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib. Vaqif Əsədov əməkdaşımızla söhbətdə bildirib ki, radarların çoxaldılması təhlükəsizliyə nəzarəti artırmaqdan irəli gəlir.
“Bu gün Bakıda 387 yerdə 1108 radar var. Yaxın zamanlarda onların sayı artırılacaq. 400 yerdə 1200-ə çatdırılacaq. Bir daha qeyd edim ki, bu, təhlükəsizliyin təmin edilməsi və asyişə nəzarəti gücləndirməkdən ötrüdür”-deyə V.Əsədov vurğulayıb.
Müşahidələr göstərir ki, son günlər radarların sayı təkcə Bakı şəhərində deyil, respublikanın rayonlarına gedən yollarda da artırılıb.
Avtomobilin sürətini ölçən cihazlar (radar) sürücülərin yollarda ciddi narahatlığına səbəb olduğundan onlar həmişə bundan şikayətlənirlər. Bəzi hallarda həmin cihazların gizli yerlərdə qoyulması ilə razılaşmayan sürücülər bildirirlər ki, yol polisi bu cihazları qəsdən gizli yerlərdə qoyur ki, uzaqdan sürətlə gələn avtomobil radara düşsün.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmiləri isə Modern.az-a bildirblər ki, radarlar gizli yerlərdə də qoyula bilər.
Bəzi sürücülərin sözlərinə görə, onların avtomobilləri indiyədək yolların kənarında ən ağılagəlməz yerlərdə qoyulan radarlara düşüb və saxlanılaraq cərimələniblər. Yol qırağında dayanmış köhnə və ya xüsusi maşınlarda, ağac koğuşunda, hətta boş çəlləkdə belə radarın gizlədildiyini iddia edənlər var. Sürücülər belə halların qanunsuz olduğunu deyirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən isə saytımıza bildirilib ki, avtomotik işləyən sürətölçən cihazın, yəni radarın istənilən yerdə,, hətta gizli yerlərdə qoyulması da qanunidir.
Qanunla radara düşən maşın saxlanılmalı, cihazın göstəricisinə əsasən yol polisi tərəfindən protokol tərtib edilməli və radarın göstəricisi, yəni fotoşəkil tərtib edilmiş protokola əlavə olunmalıdır.
Modern.az