Qərb bölgəsində iki icra başçısı arasında ciddi mübahisə baş verib
Modern.az saytına daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov arasında ciddi mübahisə yaranıb. Buna səbəb isə Elmar Vəliyevin Göl rayonunun Toğana kəndində tikdirdiyi evin dağıdılması olub.
Saytımıza verilən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir müddət öncə Göygölün Toğana kəndi ərazisində yerləşən “Cənnət bağı” restoranına məxsus torpaq sahəsində üçmərtəbəli yay rezidensiyası tikdirib. “Cənnət bağı” restoranı tikinti maqnatı kimi tanınan sahibkar İsfəndiyar Axundova məxsusdur və məlumata görə, Elmar Vəliyev bu inşaat işini Göygöl rayon İcra Hakimiyyətinə xəbər vermədən həyata keçirirmiş. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, E.Vəliyev İsfəndiyar Axundovu da qorxudubmuş ki, bu barədə sussun.
Lakin məsələdən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov xəbər tutandan sonra icra başçıları arasında ciddi problem yaranıb. Belə ki, E.Vəliyevlə mübahisə edən A.Seyidov ona sözügedən üçmərtəbəli tikilinin sənədsiz işşa olunduğunu bildirib və bu barədə niyə ona xəbər verilmədiyinə irad tutub. Bu mübahisə zamanı Elmar Vəliyevin Arif Seyidova acıqlandığı, ona kobud cavab verdiyi qeyd olunur. Halbuki, onların əvvəllər dost olduğu bildirilir. Lakin Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra köhnə dostu Arif Seyidova yuxarıdan aşağı baxdığı söylənilir.
İki icra başçısının mbahisəsi Elmar Vəliyevin tikdirdiyi binanın yerlə-yeksan olunması ilə nəticələnib. Məlumata görə, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Elmar Vəliyevdən kobud cavab eşidəndən sonra Toğana kəndindəki üçmərtəbəli villanın sökülməsinə göstəriş verib. Və villa darmadağın edilib...
Modern.az