Modern.az

İnsanlıq naminə ...

İnsanlıq naminə ...

Ölkə

22 Avqust 2011, 15:14

Somali ilə bağlı məsələlər yenə də dünyanın gündəmindədir. Lakin bu dəfə Somalidə baş verənlər hansısa ölkənin gəmilərinin dəniz quldurları tərəfindən tutulmasına görə müzakirə edilmir. Somalidə insanlar sözün həqiqi mənasında acından qırılırlar. Əslində televiziya ekranlarından bir neçə gündən bəri seyr etdiklərimiz iyirmi birinci əsr insanı üçün utanverci bir mənzərədir.

Çünki bu gün dünyanın elə ölkələri var ki oradakı insanlar gündəlik qida rasionunu seçərkən Tanrının bəxş etdiyi bir sıra nemətləri biganəliklə kənara atırlar. Bir çox yerlərdə Allahın verdiyi nemətlər israf edilir. Bəzən bir restoranun menyusunda yer alan yeməklərin say çoxluğuna qane olmayıb kənara çıxanlar da olur. Amma bütün bunlar hamısı acgözlükdən deyil, harınlıqdan irəli gəlir. Somalidə isə insanların bu gündən sabaha ümidləri yoxdur. Bəzən insanlar quru çörək belə tapmayıb ölürlər. Və bu sivil dünyanın gözləri qarşısında baş verir.

Somalidəki insanların dadına çatmaq üçün bu ölkəyə yardım əli uzadanlar az deyil. Amma bu da bir həqiqətdir ki, dünya Somalidəki aclıq problemini birdəfəlik çözməyə o qədər də maraqlı görünmür. Başqa zaman hansısa müsəlman ölkəsini tar-mar etmək üçün bir gündə araya gələn dünyanın aparıcı dövlətləri isə bu hadisələrə  barmaq arasından baxırlar. Çünki Somalidə ölən insanlar müsəlmanlardır.

Somaliyə yardım kampaniyasının gedişində Türkiyənin etdiyi jest isə deyərdim ki, təkcə dünyaya deyil, elə islam dinini özünə bayraq edən ölkələrə yaxşı dərs idi. Türkiyə dövlətinin başçısından tutmüş sənətçisinə qədər hər bir kəsin bu arada Somaliyə üz tutması qürurverici hadisədi. Türkiyə dövlətinin və türk insanının bu jesti “Somaliyə də bir himayə duran tapıldı”- düşüncəsi yaratsa da, hər kəsə gün kimi aydındır ki, bu problem tək Türkiyənin çözəcəyi məsələ deyil. İslam Konfransı Təşkilatı ölkələri bu məsələdə aktiv olmasa, orada hər gün ekranlardan böyümüş gözləri ilə dünya insanına baxaraq sanki “bizim günahimız nədir?”- deyən uşaqlar daha çox öləcəklər. Azərbaycan dövlət olaraq Somaliyə öz yardımını etdi. Amma bizlər də bir müsəlman toplumu olaraq Somalidəki din qardaşlarımıza insanlıq naminə yardım edə bilərik. Heç olmasa yaşadığımız bu müqəddəs Ramazan ayı xatirinə.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər