Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. Artıq Kənd Təsəsrrüfatı, Maliyyə, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təqaüd yaşı çatmış dövlət işçilərinin ixtisarları barədə məlumat vermişik. Digər nazirlik və komitələrdə isə təqaüd yaşı çatmış işçilərin siyahısı hazırlanır. Modern.az-ın məlumatına görə bu proses Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət komitəsində də aparılır.
Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a açıqlamasında bildirib ki, “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklərdən sonra “Dövlətqaçqınkom”da da pensiya yaşına çatmış işçilərin siyahısı hazırlanıb. E.Qədimov həmçinin qeyd edib ki, siyahı əsasında yaşı 65-dən yuxarı 7 nəfər işçi artıq təqaüdə göndərilib.
“Amma bu işçilər mərkəzi aparatda işləyənlər deyil. Ümumiyyətlə, komitənin mərkəzi aparatda 65 yaşda işçilərimiz yoxdur. 7 nəfər əməkdaşımız “Dövlətqaçqınkom”un yerli rayon nümayəndəliklərində çalışırdılar və onlar öz ərizələri ilə əmək pensiyasına çıxıblar”- deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.
Aytən ƏLİYEVA