ATƏT-in Bakı Ofisi siyasi fəallar Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı, Elnur İsrafilov və Sahib Kərimovun 2 aprel nümayişində iştirakları ilə əlaqədar məhkum olunmasından narahatlıq ifadə edir. Modern.az saytının məlumatına görə, bur barədə ATƏT-in Bakı Ofisinin bəyanatında bildirilib.
“ATƏT-in Bakı Ofisi bu məhkəmə işini müşahidə edib və nəticədə prosesin şəffaflığına dair narahatlıq doğuran suallar yaranıb.
Bu işin Apelyasiya Məhkəməsində hərtərəfli baxılacağına ümid edirik”.
ATƏT-in Bakı Ofisi ölkədə məhkəmə islahatları və, toplaşma azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqlarının tam həyata keçirilməsini dəstəkləmək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir.
Avqustun 26-da Səbayel Rayon Məhkəməsində 2 apreldə saxlanılaraq barələrində cinayət işi açılmış müxalifətçilərə hökm oxunub. Məhkəməninin hakimi Elnur Həsənov AXCP sədrinin müşaviri Sahib Kərimova 2 il 6 ay, Müsavat fəalı Elşən Həsənova 2 il, AXCP fəalları Babək Həsənova 1 il 6 ay, Zülfüqar Eyvazova 1 il 6 ay, Arif Alışlıya 3 il, bitərəf Elnur İsrəfilova 2 il 6 ay həbs cəzası verib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.
Adları çəkilən şəxslər İctimai Palatanın aprelin 2-də Fəvvarələr meydanında keçirdiyi mitinqə görə həbs olunublar. Həbs ediləndən sonra onlara qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub. E.İsrəfilov və A.Alışlı CM-in 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilib.
Modern.az