Modern.az saytı xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Azərbaycandakı siyasi partiyalardan birini qınayan məlumat yayıb.
"Son zamanlar bir müxalifət partiyası sədrinin Türkiyəni hədəf alan təşəbbüsləri və açıqlamaları və bu çərçivədə bəzi mətbu orqanlarda yer alan xəbərləri təəssüf hissi ilə izləyirik. Bütün bunları, yersiz, ciddiyyətdən və səmimiyyətdən uzaq, ictimai rəyi yanlış yönləndirmə məqsədinə xidmət etdiyini hesab edirik. Millətimizin xeyrinə olmayan bir məsələdə polemikaya girmək istəmirik”.
Səfirlik bəyan edib ki, qardaş və dost ölkələrin aralarında yarana biləcək məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi xalqları narahat edir və üzür.
Səfirliyin məlumatında söhbətin hansı partiya rəhbərindən getdiyi açıqlanmayıb. Modern.az saytı isə həmin partiyanın adını dəqiqləşdirə bilib.
Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, diplomatik korpusun ittiham ettdiyi siyasi partiya deputat Qüdrət Həsənquliyeviun sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (BAXCP).
Modern.az saytı məsələ ilə bağlı BAXCP sədri Q.Həsənquliyevlə əlaqə saxlaya bilməsə də, onun siyasi və ictimai əlaqələr üzrə müavini Niyaməddin Orduxanlının mövqeyini öyrənib.
Niyaməddin Orduxanlı bildirib ki, o, Q.Həsənquliyevlə əlaqə saxlayaraq BAXCP sədrinin razılaşdığı aşağıdakı fikirləri söyləməyi lazım bilir:
"Əslində səfirliyin açıqlamasında konkret olaraq BAXCP və onun lideri Qüdrət Həsənquliyevin adı çəkilməyib. Amma əgər siz düşünürsünüzsə ki, səfirliyin açıqlaması BAXCP lideri Qüdrət Həsənquliyevə qarşıdır, onda mən konkret deyə bilərəm ki, Qüdrət Həsənquliyev daim Türkiyə-Azərbaycan münasibətlərinin istiləşməsində maraqlı olan partiya sədri olub. Konkret olaraq bir çox hallarda Türkiyə hakimiyyətinin apardığı hər hansı bir yanlış siyasət olduğu halda, Azərbaycanın milli maraqlarına toxunacaq bir hal baş verdikdə partiyanın mövqeyini ifadə edib. Qeyd etdiyim kimi “Bir millət, iki dövlət” prinsiplərinə uyğun olmadığı bir siyasət baş verdiyi halda Qüdrət bəy münasibətini bildirib. Dəfələrlə partiya olaraq bəyan etmişik ki, Türkiyə ilə Ermənistanın qeyri-rəsmi ticari əlaqələri mövcuddur. Hətta bununla bağlı səhv etmirəmsə, Türkiyənin naziri özü açıqlama verdi ki, “bu gün Türkiyənin Ermənistanla ticari əlaqələri 250 milyonu keçib”.
Yəni ortada belə bir fakt mövcuddursa, artıq bu özü ticari əlaqələrin hansı səviyyədə olmasının göstəricisidir. Birbaşa da olmasa, Gürcüstan dövləti vasitəsilə Ermənistana gün ərzində Türkiyədən xeyli sayda yükdaşıyan maşınlar hərəkət edir. Bunlar faktdır, bunları heç kim dana bilməz. Söhbət digər məsələdən, Türkiyənin bir vaxtlar Azərbaycanın milli maraqlarını nəzərə almadan sərhədlərin açılması ilə bağlı Surixdə imzaladığı sazışdən gedirsə, Türkiyənin xarici işlər naziri səviyyəsində bu protokolların imzalanması prosesi baş verdi.
Yəni bu Azərbaycanın milli maraqlarına toxunmurdumu? Yəni konkret olaraq bəzi hallarda Qüdrət Həsənquliyev Türkiyənin hakim dairələrinin yanlış siyasətinə öz etirazını bildiribsə, bu da məhz qardaşlıq münasibətlərindən irəli gəlib. Bilirsiniz ki, Türkiyə-Ermənistan futbol matçı ərəfəsində Azərbaycanın bayraqları, Türkiyə televiziyasından da göründü ki, polislər tərəfindən yığılıb zibil yeşiklərinə dolduruldu. Qüdrət Həsənquliyev məhz bunlara etiraz edib. Biz daim Azərbaycanın Türkiyə ilə qardaş olduğunu gündəmə gətirmişik və daim da düşünmüşük ki, bu qardaşlıq səmimi və bir-birini müdafiə xarakteri daşımalıdır.
Düşünürəm ki, Qüdrət bəyin qoyduğu mövqe tam haqlı mövqedir və burada hər hansı iki xalq arasında münasibətləri korlayacaq məqamdan söz ola bilməz. Konkret olaraq Qüdrət Həsənquliyev Türkiyənin hakim dairələrinin Azərbaycanın milli maraqlarına yönəlik siyasət olmadığını gördükdə və ya iki xalq arasında bir-birinə uyğunlaşmayan bir siyasət aparıldıqda öz etirazını bildirib. Bu, haqlı etirazdır. Bu, bütün Azərbaycan türklərinin hər birinin narazılığına səbəb olacaq etirazdır.
Bu gün Qüdrət Həsənquliyev Azərbaycanda yeganə partiya sədridir ki, Türkiyə hakimiyyətinin yanlış siyasi fəaliyyətini acıq şəkildə gündəmə gətirir. Başqa partıyalar öz korporativ maraqlarından çıxış edir. Hər hansı bir mövqe ortaya qoymurlar”.
N.Orduxanlının sözlərinə görə, Qüdrət Həsənquliyev Azərbaycanda yeganə partiya sədridir ki, türk dövlətlərinin ümumi parlamanet birliyinin yaranması təşəbbüsü ilə də çıxış edib.
"Bunun təşəbbüskarı məhz Qüdrət Həsənquliyev olub. Və yaxud Türkiyə bayraqları Bakıdakı Şəhidlər xiyabanında endiriləndə Qüdrət bəy Milli Məclisin iclasına üzərində Türkiyənin bayrağı olan döş nişanını taxıb iştirak edtri, məsələyə öz etirazını bildirən millət vəkili oldu.
Ona görə də, Qüdrət Həsənquliyevin ünvanına, Türkiyə-Azərbaycan münasibətlərini korlaması ilə bağlı hər hansı ittiham irəli sürmək kökündən yanlışdır. Qüdrət Həsənquliyev daim Azərbaycan-Türliyə münasibətlərinin inkişafında maraqlı olan adamdır və bu, həm də Azərbaycanın rəsmilərinin mövqeyidir ki, bu gün Türkiyə ilə Ermənistanın ticari əlaqlərinin neşə milyonlarla dəyərində olduğunu gündəmə gətirib. Azərbaycanın rəsmi orqanları tərəfindən də bu məsələ qabardılıb. Qüdrət Həsənquliyev BAXCP-nin məhz bunların əleyhinə olduğunu daim bildirib".
Aytən ƏLİYEVA