Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan və ya Türkiyə- Azərbaycan-Gürcüstan Konfederasiyası ideyası, təklifi çox gözəl və maraqlı bir ideyadır, təklifdir. Bu ideyanı zamanından və kimliyindən asılı olmayaraq gündəmə gətirən insanların - başda mərhum Əbülfəz Elçibəy (Allah rəhmət etsin!) olmaqla-Vəfa Quluzadə, Vaqif Haçıbəyli, Əvəz Temirxan, Gültəkin Hacıbəyli,Pənah Hüseyn və adlarını çəkmədiyim, unutduğum şəxslərin hamısına dərin təşəkkürlər!
Doğrudan da, belə bir ideyanın , təklifin ortaya atılması ancaq və ancaq nəcib, xoş niyyətlidir , yaxud, bu, canımız-varlığımız Azərbaycanımızı Simallı-Cənublu, Qərbli-Şərqli məkanlardan gözləyən, gözləyəcək bir sıra təhlükələrdən -hazırda bunun ən böyüyünü - xislətini dəyişməyən Rusiya (keçmiş SSPİ) tərəfindən əsası qoyulan, bu gün də alovlandırılan,digər mərkəzlərdən belə rişələnən və söndürülməsi hələ real görülməyən- 23 "yaşlı" Qarabağ problemini yaşamaqdayıq-bir çox , təhdidlərdən,təzyiqlərdən xilas edə biləcək nicat yollarından biridir. Onu da bəri-başdan deyim ki, bu ideyanın dərhal - bu gün və ya sabah gerçəkləşəcəyi real deyil. Buna inanmaq bir qədər sadəlövhlük olardı. Amma bununla belə,xüsusilə, ötən əsrin 90-ci illərindən ortaya qoyulan bir ideyanın son illər dəyərli insanlarımız-siyasətçilərimiz Gültəkin xanım və Pənah bəy tərəfindən yenidən gündəmə gətirilməsi, ictimai-siyasi dövriyyəyə buraxılması çox təqdirəlayiq və zamanında, məqamında yerinə düşən addımdır. Elə son bir həftə ərzində bu məsələ ilə bağlı cəmiyyətin ən müxtəlif kəsimlərində, istimai-siyasi dairələrində,mediada, internet portallarında gedən çeşidli müzakirələr, diskussiyalar özü bir daha göstərir və sübut edir ki, bu, heç də həvəskarcasına, yaxud, bekarçılıqdan ortaya atılan bir məsələ deyil. Deməli, Azərbaycan cəmiyyətinin bu məsələyə, bu ideyaya ehtiyacı var imiş və var.
Sadəcə, məni təəccübləndirən və narahat edən məqam odur ki, bu ideyanın əleyhdarları olan az sayda insanlar bu müzakirələrin istiqamətini dəyişməyə cəhd göstərirlər. Əsaslı bir arqument tapa bilmədiklərini görüb- heç zaman da tapa bilməzlər və bilməyəcəklər- məsələni onu ortaya atan insanların şəxsiyyətinə, ən pisi isə Türk xalqlarının bəlkə də gözü olan Azərbaycan türklərinə- Türk kimliyinə toxunmaq , həqarətlər yağdırmaq səmtinə doğru yönəltməyə çalışırlar. Guya ki, bununla Azərbaycan dövlətinin varlığı inkar edilir,Azərbaycan Türkiyənin for-postuna,vassalına çevrilir, Azərbaycan türklərindən başqa bu məmləkətdə yaşayan bütün digər azsaylı xalqların, etnik qrupların varlığı sual altına salınır. Hətta, az qala İqrar Əliyevin səfsəfəsində iddia edildiyi kimi, bu yurdun əzəli və əbədi sahibi olan Azərbaycan türkləri gəlmə, digər azsaylılar, etniklər bu torpağın əsl sahibi kimi göstətirilir , Konfederasiya olacağı halda,onların-sonuncuların məhvolma təhlükəsi yaşayacağı söylənilir sair və ilaxır. Nə qədər saxta, həqiqətdən uzaq, olduqca ziyanlı və təhlükəli bir yanaşma, mövqedir.
Bu insanlar yaxşı bilməlidirlər ki, Konfederasiya ideyası heç kimə- Azərbaycanda türklərlə əsrlər boyu bir yerdə yaşayan , çalışan digər azsaylı xalqlara, etnik qruplara qarşı yönəlməyib. Bu, bir daha yuxarıda qeyd etdiyim kimi, Azərbaycan türkləri ilə yanaşı elə həmin xalqların, etnik qrupların təhlükəsiz gələcəyi, əmin-amanlığı üçün məhz nicat yollarından biri kimi gündəmə gətirilib. Görünür, bu ideyanın qatı əleyhdarlarının məqsədi tamam başqa şeydir, özlərini yenə kiməsə göstərmək, "mən də varam " və ya suyu bulandırıb orada balıq tutmaq sevdasıdır. Onları nə Azərbaycan, nə bu dövlətin gələcək taleyi, nə Qarabağ, nə də guya müdafiəsinə qalxdıqları azsaylı xalqların , etnik qrupların taleyi , onların firavanlığı maraqlandırır.
Bəli, hansısa bir ideyanı qəbul etməmək, onu tənqid atəşinə tutmaq olar, amma heç kimsəyə əsla belə bir haqq və cürət verilməyib ki, bu ideyaya görə kimlərisə haqsız yerə suçlasın, təhqir etsin, ən əsası isə bu ideyanı irəli sürənlərin etnik Türk kimliyi, qardaş və canımız Türkiyə haqqında ağzına gələn hədyanı söyləsin, həqarətlər yağdırsın. Heç kimsəyə belə bir haqq verilməyib, "tovarişlər", "qospodinlər","ağalar!"
Yaşadığımız həyat reallaşması təsəvvür edilməyən, çoxlarına fantaziya kimi görünən çox ideyalasrın sonradan gerçək olduğunu ,reallaşdığını göstərib. Bu ideya da indi çoxlarına fantaziya kimi gələ bilər, amma hər şeyi gələcək, zaman göstərəcək. Bu ideyanın da gerçəkliyə, reallığa çevriləcəyi gün heç uzaqda deyil. Sadəcə, bir balaca zaman və səbr etmək gərəkdir.
eri gəlmişkən, bu ideya əgər bu dərəcədə qorxulu , mənfidirsə , onda nəyə görə Gürcüstan prezidenti Mixail Saakaşvili, yaxud, onun xarici siyasət kursunun icraçısı Nino Kalandadze və digərləri bu ideyanı gündəmə daşıyır, ondan beşəlli yapışırlar? Düşündürücüdür, deyilmi?..
P.S. Dəyərli insan və yazar Akif Aşırlıya da yazısına görə təşəkkürlər!