Yay insanlar üçün həm də məzuniyyət fəsli kimi xarakterizə olunur. Azərbaycan Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə məzuniyyət hüququ var. Yay fəslinin ən axırıncı ayı avqustu geridə qoyduq. 3 aylıq yay fəslində hər kəs imkanı daxilində çalışdı ki, məzuniyyətə çıxıb işlədiyi bir ilin yorğunluğunu çıxarsın. Heç şübhəsiz hamı kimi nazirlərdən də məzuniyyətə çıxanlar oldu. Amma deyəsən mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən yüksək çinli məmurlardan bəziləri bu il məzuniyyətə çıxmağa hələ macal tapmayıb.
Modern.az 5 nazirlikdən aldığı məlumatı artıq oxuculara təqdim edib. Əməkdaşımız daha bir neçə qurumdan nazirlərin məuniyyətdə olub-olmadığını öyrənməyə çalışıb.
Maliyyə Nazirliyinin mətbuat xidməti əlaqə saxlaya bilməsək də, əldə etdiyimiz məlumata görə, nazir Samir Şərifov hazırda məzuniyyətdədir və hələ işə qayıtmayıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə bildirdi ki, nazir Fikrət Məmmədov bu il məzuniyyətə çıxıb. “Cənab nazir də hər kəs kimi yayda məzuniyyətdə olub. artıq iş baışındadır, vəzifəsini icar edir”.
Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov isə hazırda məzuniyyətdədir. Komissiyanın mətbuat xidmətinin rəhbəri Asəf Əliyev Modern.az-a açıqlamasında sədrin məzuniyyətdən nə vaxt qayıdacağını bilmədiyini qeyd etdi.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qurumun sədri Ramiz Həsənovun bu il məzuniyyətə çıxdığını dedi. Onun sözlərinə görə, komitə sədri avqust ayında məzuniyyətdə olub.
“Artiq məzuniyyət müddətini başa çatdırıb və iş başındadır”.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Misir Mərdanov da bu il müddətində məzuniyyətdə olub. Məzuniyyət müddətini başa vuran nazir hazırda iş başındadır.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirdi ki, bu il müddətində nazir İsmət Abbasov məzuniyyətdə olmayıb. Kənd təsərrüfatı nazirinin məzuniyyətə çıxıb-çıxmayacağı barədə isə mətbuat xidmətinin rəhbəri məlumatsız olduğunu qeyd etdi.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qanunvericiliyə uyğun olaraq avqust ayında özünün məzuniyyət hüququndan istifadə edib və avqustun 22-dən iş başındadır. Bu məlumatı saytımıza Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev verib.
Aytən ƏLİYEVA