Modern.az

Yaxın Qəzza, uzaq Qarabağ

Yaxın Qəzza, uzaq Qarabağ

Ölkə

6 Sentyabr 2011, 18:13

Azərbaycanda bu və ya digər regional, yaxud beynəlxalq geosiyasi proseslər haqqında obyektiv təhlilə cəhd göstərən kimi dərhal muzdlu və könüllü nüfuz müvəkkillərinin böhtan kampaniyası ilə qarşı-qarşıya qalmalı olursan. Bütün şüurlu və şüursuz fəaliyyətlərini demokratiya, söz azadlığı, plüarizm barədə ritorikaya həsr edən bəlli bir qrupun təmsilçiləri hətta görüntü xatirinə olsa da belə elan etdikləri prinsiplərlə daban-dabana zidd davranışlara imza atırlar. İrandan danışma, ABŞ-dan söz açma, Rusiyaya toxunma, Türkiyəyə, daha doğrusu qardaş ölkənin dini təmayüllü hakimiyyətinin ünvanına bir kəlmə belə işlətməyə cəhd göstərmə... Bu ölkədə istənilən an ağına-bozuna baxmadan hər kəsə qahmar çıxan tapılır, biçarə Güneyli-Qüzeyli Azərbaycandan başqa... Öz xalqına, Vətəninə qahmar çıxanların isə səsləri adətən eşidilmir, yaxud milli mənliyi qısır kimsələrin "xidmətləri" sayəsində ən yaxşı halda qəzet səhifələrinin köşəsinə, sosial şəbəkələrin küncünə sıxışdırılır. Vəssalam! Allah Mirzə Cəlilə qəni-qəni rəhmət eləsin! Elə Qoqola da...

...Ölkədə olmadığım 20 gün ərzində telefonlarımı qapatmışdım, portativ bilgisayarımı Bakıda yaxınlarıma əmanət saxlamışdım, televiziya kanallarını izləmirdim, qəzet oxumurdum. 20 günlük özünütəcriddən sonra ilk yazımı məni ağuşuna alan rahatlığa, səssizliyə həsr edəcəyimi düşünürdüm. Amma olmadı. Bakıya dönən kimi ölkəmizə Qəzza sindromunun başlandığının şahidi oldum və birdən-birə illər uzunu dünyanın qulağını yağır etmiş bu bölgənin təəssübünü çəkənlərin Belarus meşələrindəki göbələklər kimi çoxaldığına təəccübləndim.

...Əvvəllər də təəccüblənirdim. Müxtəlif dini bayramlarda, təziyə mərasimlərində, Qüds günündə meydanlara axışıb Qəzzanın, Qüdsün təəssübünü çəkən, "İsrailə, Amerikaya ölüm!" şüarlarını səsləndirən İran adlı viranənin biçarə sakinlərini görəndə və daha sonra eyni proseslərin Türkiyədə də baş verdiyini şahidi olanda... Təəccüblənirdim. Ona görə yox ki, ərəb qövmünün bir parçası olan Fələstin xalqının əzablarına şərik olmaq istəmir, İsrailin ədalətsiz. qeyri-insani davranışlarına haqq qazandırırdım. Əsla yox! Fələstin xalqının öz əzəli və əbədi torpaqlarında azad və firavan yaşamağa haqqı var və bu haqq kimsə tərəfindən şübhə altına alına bilməz. Amma məsələnin başqa bir tərəfi var! Son 20 il ərzində bircə dəfə də olsun nə müsəlman farsın, bəlucun, lorun, giləkin... və  özümüzdən olan 35 milyon Azərbaycan türkünün yaşadığı İran adlı ölkədə, nə də qardaş Türkiyədə yüzminlərin küçə və meydanlara axışıb "Ermənistana ölüm" dediyinin şahidi olmadım. Onillər boyu neft quyularının üzərində "oturub" eyş-işlətlə məşğul olan ərəb şeyxlərinin yaddan çıxardığı Qəzza isə uzaqdadır, amma Qarabağ yaxındadır, hər iki müsəlman dövlətinin bir addımlığında...

...Türkiyənin mövcud hakimiyyəti Qəzza bölgəsi ətrafında yaratdığı ajiotajı Qarabağ ətrafında yaratmaq istəmir. Ermənistandan dəfələrlə güclü İsrail dövlətinə barmaq silkələyir, meydan oxuyur. Amma növbə Ermənistana gələndə nədənsə buz kimi soyuq bəyanatlarla kifayətlənir.

İşğala görə quru sərhədlərini qapalı saxladığı halda hava sərhədlərini təcavüzkarın üzünə açır, Ermənistanla Gürcüstan üzərindən ticarət əlaqələri həyata keçirir, erməni miqrantlarına ölkədə qanunsuz olaraq yaşamaq, işləmək və para qazanmaq imkanları yaradır... Ən prinsipial məqamlarda Sürix protokolları, enerji qiymətləri üzərindən manipulyasiyalara yol açan davranışlar sərgiləyir...

Bütün bunlar barədə açıq danışanda isə dini-siyasi camaatın Azərbaycan siyasətindəki və mediasındakı muzdlu və könüllü nüfuz müvəkkilləri dərhal hərəkətə gəlir, böhtan və qarayaxma kampaniyasına başlayırlar. Milli ideologiyadan imtina edib dini firqə maraqları üzərindən siyasət yürüdənlərin əlaltıları olur türkçü, gerçəkləri çəkinmədən deyənlər, Türklüyün təəssübünü çəkənlər və milli məfkurəyə xidmət edənlər isə olur anti-türkçü... Pah!

Bu gün Türkiyədə hakimiyyətdə olan dini təmayüllü siyasi qüvvənin ünvanına səsləndirilən haqlı iradlar anti-Türkiyəçilik deyil, cənablar və xanımlar, anti-türkçülük isə heç deyil... Çünki "Yeni Osmanlıçılıq" adlı mutant və okeanın o tayından ötürülmüş bir "ideologiya"nın çətiri altında daldalanaraq Atatürk Türkiyəsini, Dünyəvi və Milli Türkiyəni feodal təfəkkürünün qaranlıqlarına doğru sürükləyənlərin türklüyə və hər bir Azərbaycan türkünün qürur duyduğu Türkiyəyə heç bir aidiyyatı yoxdur! Bunlar Səid Hursi Kurdinin, Fətullah Gülənin, Hikmətyarın və onların dini-siyasi xəttini himayə edən, istiqamətləndirən Corcun, Semin uşaqlarıdır, Atatürkün... yox! "Yeni Osmanlıçılıq" Türk Dünyasının kürəyinə saplanmış namərd xəncəridir! Bu xətt Türkiyənin Türk Dünyasından, çağdaşlıqdan, elmdən, mədəniyyətdən, texniki tərəqqidən qopardılmasına xidmət edən düşmən hiyləsidir! Məkrdir! Tələdir!

...8 illik AKP dönəminin Türkiyəsinə nəzər salın. Türk milləti üzərindən həyata keçirilən pressinq xarakterli açılım siyasətinin nəticəsi göz önündədir: İndi PKK terrorçuları Türkiyəyə qarşı bir neçə cəbhədə savaşırlar - dağlarda, parlamentdə, kütləvi informasiya vasitələrində, beynəlxalq tədbirlərdə, paytaxt Ankaranın və meqopolis İstanbulun küçələrində... İndi Siz deyin, bu "açılım" siyasətindən kim daha çox qazanıb?

...Bəs "qoşularla sıfır problem" adlı avantürist xarici siyasətdən Türkiyə nə əldə edib? Hədən "Yeni Osmanlıçılar" İraqda, Misirdə, Tunisdə, Liviyada heç bir görəvə sahiblənə bilməyiblər, əksinə bu ölkələrdəki iqtisadi tutarğaclarını da əldən veriblər? AKP-nin siyasəti nəticəsində Kərkükdə, Telaferdə, Təzəhuratuda, Tuzhuratuda, Tavukda, Kifridə, Qaratəpədə - öz tarixi torpaqlarında yaşayan İraq türkləri - türkmənlər kürd separatçılarının, PKK terrorçularının girovuna çevriliblər.

Bəlkə Ermənistanla aparılan diplomatik oyunlardan bir nəticə hasil olub? Bəlkə Türk millətini ən ağır bəşəri cinayətdə - soyqırımında ittiham edən ermənilər öz qondarma iddialarından əl çəkiblər? Bəs torpaq iddialarından necə? 

Görəsən İranla münasibətlərdə AKP hökumətinin "sıfır problem" proqramı hansı pozitiv nəticələrə yol açıb? Bəlkə İranın fars-molla rejimi 35 milyonluq Güney Azərbaycan türk toplumunun hüquqlarını tanımağa başlayıb?

Həqiqətin qapıları isə onu görmək istəyənlər üçün hər zaman açıqdır: Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası yönətiçilərinin elan etdiyi heç bir proqram şou-proqram effektindən uzağa getməyib və əks nəticələrə yol açıb. Göz önündə olan reallıq budur. Acı olsa da...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər