Təhsil Nazirliyi orta məktəblərin 9-cu sinif şagirdləri üçün payız buraxılış imtahanlarını sentyabrın 10-da yekunlaşdırıb. Modern.az saytının məlumatına görə, sentyabrın 2-dən başlayaraq bölgələr üzrə payız buraxılış imtahanları keçirilirdi. Sentyabrın 10-da sonuncu imtahan Bakı şəhərində keçirilib.
Payız imtahanlarında bir neçə ay öncə - iyunda keçirilən buraxılış imtahanından “2” qiyməti alan 9-cular və o zaman buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak ediblər.
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən verilən məlumata görə, imtahanın nəticələri yaxın günlərdə məktəblərə təqdim ediləcək. Şagirdlər qiymətlərini oxuduqları məktəblərdən öyrənə biləcəklər.
Ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq, yekun qiymət hesab olunacaq.
Payız imtahanından da “2” alanlar sinifdə qalaraq yenidən 9-cu sinifdə oxuyacaqlar.
Ümumilikdə payız imtahanlarında təxminən 26 min şagird iştirak edib.